Pis vəziyyətə düşən Azərbaycan klubu üçün təcili çıxış yolu – RESEPT

26 İyun 2023 20:40 Qəbələ 2 207
Pis vəziyyətə düşən Azərbaycan klubu üçün təcili çıxış yolu – RESEPT

“Qəbələ”də hər ötən gün hansısa ayrılıq xəbəri yaşanır.

Ötən mövsüm komandanın özəyini təşkil edən futbolçuların 70-80 faizi komandanı tərk edib, Asif Məmmədovla Feras Abu Akal isə uzun müddətə sıradan çıxıb.

Komanda qalıb 12-13 futbolçunun ümidinə.

Baş məşqçi Elmar Baxşıyev ən qısa müddətdə çıxış yolu tapmalıdır. Qarşıda düz 1 ay vaxt var. Bu zaman kəsiyində gedənlərin boşluğu doldurulmalı, komanda həm avrokubok, həm də Premyer Liqa mövsümü üçün hazır vəziyyətə gətirilməlidir.

Bu cür vəziyyətlərdə baş məşqçilər çıxış yolunu kollektivə tanıdığı futbolçuları cəlb etməkdə görür. Elə bir durum yaranıb ki, transfer çalışmalarında qəti səhv etmək olmaz. Biri var, hazır komanda var, gücləndirmək lazımdır. Biri də var, sıfırdan komanda yığmaq.

“Qəbələ” üçün ikinci situasiyadır. Ona görə də son dərəcə diqqətli olmaq gərəkir. Azərbaycan futboluna bələd olan, “Qəbələ”dəki ab-havadan xəbərdar olan, oyun üslubunu görən futbolçuların gəlişi çörəyin üstünə yağ effekti verər.

Belələri varmı? Onlar kimlərdir?

Ötən mövsüm “Turan Tovuz”un heyətində parlaq çıxışı ilə yadda qalan Natan Oduva hazırda azad agent statusuna malikdir. İngiltərədə oturub təklifləri gözdən keçirir. Saytımıza açıqlamasında Azərbaycan klublarının onunla maraqlanmamasından təəccübləndiyini bildirib.

“Kəpəz”dəki gürcü cütlüyün nəyə qadir olduğunu da başa çatan çempionatda gördük. Dayaq yarımmüdafiəçisi Georgi Kantariya ilə vinger Mate Kvirkviya “Qəbələ” üçün tapıntı hesab oluna bilər.

Yüksək iddialar uğrunda mübarizə aparmaq üçün as namizədlər hesab olunmasalar da, hazırkı durumda xilasedici rolunu məharətlə icra etmək gücündədirlər.

“Səbail”dən ayrılan Qustavo de França da var. 27 yaşlı braziliyalı fərdi keyfiyyətlərinə görə Premyer Liqamızda oynamaq bacarığını göstərsə də, komandasının uğursuzluğu mərkəz müdafiəçisinin zəhmətini heçə endirirdi.

Yerli futbolçulara gəlincə, ötən mövsümün ikinci yarısında “Kəpəz”də parlaq mövsüm keçirən Abdulla Rzayevi “Sabah”dan icarəyə götürmək mümkündür.

“Səbail”dən ayrılan Turan Manafov da Məqsəd İsayevin gedişindən sonra müdafiənin sol cinahında yaranmış boşluğu doldurmaq iqtidarındadır.

Təbii ki, seçim Elmar Baxşıyevindir. Biz, sadəcə, adları qeyd etməklə onlardan hansısa birinin və ya bir neçəsinin “Qəbələ”yə fayda verə biləcəyini düşünürük. Kollektivə əlavə 1-2 legioner dəvət etməklə.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA