Bu klubu ortaya qoyub, başına fırlanın – Azərbaycan futbolunun xilaskarı

25 İyun 2023 21:20 Qəbələ 3 996
Bu klubu ortaya qoyub, başına fırlanın – Azərbaycan futbolunun xilaskarı

“Qəbələ” olmasa(ydı), Azərbaycan futbolu nə edər(di)?

Ölkə kubokunun son finalçısı tarixində bu qədər çarəsiz görünməmişdi.

Titula sahib olan futbolçuların qiymətinin qalxması klubu çətin vəziyyətdə qoydu.

Məhdud büdcəylə “yaşamağa” məhkum olan bölgə təmsilçisi aparıcı futbolçuların digər klublarla müqavilə bağlamasına kənardan tamaşa edib, köks ötürür.

Tarixən belə olub. “Qəbələ” futbolçu yetişdirib, legioner gətirib vitrinə qoyub, sonradan digər klublar “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” düşüncəsi ilə onlara sahiblənib.

Bəhlul Mustafazadə “Qəbələ”nin yetirməsiydi, bu gün “Qarabağ”ın aparıcı futbolçularından hesab olunur. Filip Ozobiç “qırmızı-qaralar”ın şərəfini qoruyana qədər bu qədər tanınmırdı. Bölgədəki çıxışı ilə tanınandan sonra “Qarabağ”a keçdi.

Stiven-Jozef Monroz, Baqali Dabo, Voislav Stankoviç kimi legionerlər də “Qəbələ”də parladıqdan sonra daha yaxşı şərtlər altında “Neftçi”nin sıralarına qoşuldu.

Başa çatan mövsümdə “Sabah”ın parlaq çıxışında Amin Seydiyevlə Elvin Camalovun xidmətləri az olmadı. Onlar da vaxtilə “Qəbələ”nin üzvləri idi. Premyer Liqada ilk addımlarını bu komandada atıb, tanınmışdılar.

Və təbii ki, “Zirə”. Elvin Camalov vaxtilə “Qəbələ”ni bu kluba dəyişmişdi. Qismət Alıyev artıq neçə ildir zirəlilərin sıralarındadır.

Cari mövsüm başa çatandan sonra Məqsəd İsayevlə Ruam Renato maddi planda yaxşı şərtlər altında karyerasını “Zirə”də davam etdirməyi üstün tutdu. “Qartallar” İsnik Alimiyə də maraq göstərirdi.

Siyahını akademiyada yetişən digər azərbaycanlılarla genişləndirmək olar. Fərid və Yusif Nəbiyev qardaşları, Amil Yunanov, Ehtiram Şahverdiyev, Rövlan Muradov – hər birinin karyerasında “Qəbələ” xüsusi yer tutur. Bu klub onlar üçün tramplin rolu oynayıb.

Adlara nəzər salandan sonra bir sual adamda cavabsız sual yaradır: “Qəbələ” olmasaydı, Azərbaycan klubları nə edərdi?

İndi bütün klublar “Qəbələ”ni ortaya qoyub, başına fırlansın. Bu klub ölkə futbolu üçün həm futbolçu yetişdirmək, həm də xaricdən faydalı legionerlər tapıb gətirmək baxımından etalon.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA