“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevlə neçənci müsahibəmdir, dəqiq xatırlamıram.
Xatırladığım odur ki, onu indiyə qədər bu dərəcədə ümidsiz və kefsiz görməmişdim.
Mövsüm başa çatandan sonra bölgə təmsilçisində yaşanan ayrılıq dalğası baş məşqçinin əhvalına “soğan doğrayıb”.
Qarşıdan Avropa Konfrans Liqasının oyunları, ardınca Premyer Liqa mövsümü gəlir. Komanda qalıb 6-7 futbolçunun ümidinə.
- Konfrans Liqasındakı rəqibininizin adı məlum oldu. Püşkatmanın nəticəsinə münasibətiniz necədir?
- Bu dəqiqə məni ən son düşündürən məsələ püşk idi. Məni narahat edən komandanın hazırkı durumu və sabahıdır. Qısa müddətdə komandanı komplektləşdirmək lazımdır.
- “Omoniya” haqda hansısa məlumatlara sahib idiz?
- Bu haqda ümumiyyətlə düşünməmişik. Qarşıda vaxtımız var, lazım olan məlumatları toplamağa çalışacağıq. Hər şeydən əvvəl “Omoniya”nı yox, özümüzü düşünməliyik.
- İlk oyunun evdə olması “Qəbələ” üçün üstünlük sayıla bilərmi?
- Dediyim kimi, ev-səfər oyunlarının önəmi yoxdur. Hazırda ən vacib məsələ komandanı komplektləşdirməkdir.
- Olduqca qayğılı görünürsüz. Bu cür gedişat gözləmirdiz deyəsən.
- Xeyr, gözləmirdim. Amma yenə də ümidlə yaşamaq lazımdır.
- Kütləvi ayrılıqlara nə səbəb oldu? Maliyyənin yetərli olmaması, yoxsa “Qəbələ”də qalmaq istəmirdilər, başqa ölkələrdə oynamaq istəyirdilər?
- Açığı, ayrılanların sayının bu qədər olacağı ağlıma da gəlməzdi. 2-3 mövqeni gücləndirmək, bərpa etmək mümkündür. Amma birdən-birə 7-8 nəfər gedəndə...
- Maliyyə çatışmazlığına görə oldu?
- Şərtlərimiz qanə etmədi deyə, getdilər.
- Daha çox kim(lər)in gedişi sizi “yandırdı”?
- Heç kimə görə təəssüflənmirəm. Futbolda bu cür hallar qaçılmazdır. Əllərimizi yanımıza salmaqla heç nə düzəlməyəcək. Çıxış yolu tapıb, vəziyyəti yaxşıya dəyişməliyik.
- Hazırda sərəncamınızda neçə futbolçu qalıb?
- Rəsmi olaraq 6-7 futbolçu ilə müqaviləmiz var.
- Ruan Renato, Rafael Utziq, İsnik Alimi – bunlardan nə xəbər var?
- Yəqin ki, onlar haqda məlumatlar yaxın günlərdə verilər. Bu dəqiqə konkret nəsə demək çətindir.
- Vaxtınız olduqca azdır. Çıxış yolunu nədə və necə tapacaqsız?
- Toplanışa həmin 6-7 futbolçu ilə başlayacağıq. Sonrasına da baxarıq, görək necə olacaq.
HƏBİB / SPORTİNFO.AZ

