Səlahət Ağayevlə başa çatan müqaviləni yeniləməyən “Qəbələ” yeni qapıçı ilə anlaşmaq niyyətindədir.
Bölgə təmsilçisinin siyahısında olan ilk ad Nicat Mehbalıyevdir.
Elmar Baxşıyev 2021/22 mövsümündə sərəncamında olmuş 22 yaşlı qolkiperi yenidən “Qəbələ”də görmək istəyir. Baş məşqçi bununla bağlı klub rəhbərliyini məlumatlandırıb.
Lakin ortada əmma var. Nicat müqavilə ilə “Sabah”a məxsus olduğundan, klub rəhbərliyi keçidlə bağlı razılığa gəlməlidir.
İş burasındadır ki, Murad Musayev oynatmadığı futbolçunu buraxmaq istəmir. Onu Yusif İmanovun layiqli əvəzləyicisi gözündə görür.
Hazırda klublar arasında danışıqlar davam edir. Yaxın bir həftə ərzində məsələyə aydınlıq gələcək.
Yeri gəlmişkən, Mehbalıyevin özü də mütəmadi forma geyinmək şansı qazanacağı yerdə olmaq istəyir.
“Qəbələ”nin idman direktoru Nail Kərimov saytımıza açıqlamasında məlum mövzu ilə bağlı açıqlama verib:
“Bəli, Nicat Mehbalıyevin karyerasını komandamızda davam etdirməsi üçün “Sabah”la danışıqlarımız davam edir.
Bildiyiniz kimi, futbolçu müqavilə ilə bu kluba məxsusdur. Məsələni hansısa formada yoluna qoymağa çalışırıq.
Lakin bu günə qədər yekun nəticə hasil olmayıb. Danışıqlar davam etsə də, qarşı tərəfdən razılıq verilməyib”.
Səbəbkar başa çatan mövsümdə 2-si ölkə kuboku, 1-i Premyer Liqada olmaqla “Sabah” formasında 3 oyunun iştirakçısı olub.
O, 2021/22 mövsümündə “Qəbələ”nin heyətində 28 matçda forma şansı qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

