“Səbail”in icraçı direktoru Fərəc Əliyev tutduğu vəzifədən istefa verib.
Əliyev bu gün Müşahidə Şurasının baş tutan iclasında komandanın ötən mövsüm uğursuz təsir bağışlamasında özünü günahkar bilərək 2016-cı ildən bu yana çalışdığı iş yerindən ayrıldığını söyləyib.
Səbəbkar Sportinfo.az-a açıqlamasında sualları cavablandırıb.
- Klubdan ayrılmaq qərarı sizə məxsus idi, yoxsa istefaya göndəriləcəyinizi hiss edib özünüz tez tərpəndiz?
- Sırf özümə məxsus qərar idi. Bu gün Müşahidə Şurasının iclası idi və bu barədə qərarımı açıqladım.
- Niyə?
- 10 komanda arasında 9-cu pillə “Səbail”ə yaraşan yer deyil. Nələrsə dəyişməlidir. Ona görə də getməyi qərara aldım.
- Maraqlıdır, sizin günahınız nə idi?
- İcraçı direktoram. Komandanın bu vəziyyətdə olmasında 1 faiz də olsa günahım var. Günahım varsa, buna görə cavab verməliyəm.
- Şuradan kimsə sizə “getmə, qal” demədi?
- Danışdıq, müzakirə etdik, fikirlərimi bildirdim. Sağ olsunlar, dediklərimə hörmətlə yanaşdılar. Yeni namizəd tapana qədər “Səbail”ə kömək edəcəm. Bu barədə təklif aldım və dəyərləndirdim. Yeni icraçı direktor gələnə qədər müvəqqəti klubda olacam.
- Belə çıxır ki, istefanız rəhbərliyin ürəyincə olub.
- Belə deməzdim. “Səbail”də çalışdığım dönəmdə hər zaman özümə qarşı istilik və hörmət görmüşəm. Əminəm ki, gedişim kiminsə ürəyincə deyildi. Belə şey olsaydı, hiss edərdim.
- Bəlkə başqa klubdan daha sərfəli təklif aldığınıza görə istefa verdiz?
- Hansısa təklifdən söhbət gedə bilməz. Dediyiniz kimi olsaydı, rəhbərliklə görüşüb, daha yaxşı şərtlər altında təklif aldığımı deyərdim. Hamımız peşəkar insanlarıq, burada gizlətməli heç nə yoxdur. Bir də ki, hələ bir müddət “Səbail”də olacam. Təklif alsaydım, gələn həftədən yeni işimə başlayardım. Bu dəqiqə bütün klublarda hazırlıq mərhələsinin ən qaynar vaxtıdır.
-Bəs, bundan sonra nə edəcəksiz?
- Qərarı bu gün vermişəm. Gələcəkdə nə olacağı haqda indidən nəsə deyə bilmərəm.
HƏBİB

