Mövsümü ölkə kubokunu qazanmaqla başa vuran “Qəbələ”də sular hələ də durulmayıb.
Əksər futbolçularla bağlı qeyri-müəyyənlik davam edir.
Konfrans Liqasında çıxış edəcək komandanın qısa müddətdə komplektləşməsi labüddür.
Maraqlıdır, səssizlik nə vaxta kimi davam edəcək?
Futbolçularla danışıqlar hansı mərhələdədir və necə gələcək vəd edir?
Suallarımıza cavab olaraq bölgə klubunun baş meneceri Nail Kərimov aşağıdakıları dilə gətirib:
"Legionerlərin hər biri ilə danışıqlar davam edir. Biz tərəfdən təkliflər olub, indi də cavab gözləyirik.
Ona görə də hazırda münasibətlərin hansı ilə pozitiv, hansı ilə neqativ sonluqla yekunlaşacağını deyə bilmirəm".
Kərimov pis gedişat halında B variantlarının olduğunu da dilə gətirib:
"Razılıq olmayacağı halda, alternativ planlarımızı var. Nə edəcəyimizi nəzərimizdə saxlamışıq.
Gedişat mənzərəni bizim üçün daha aydın göstərəcək. İndiki durumda konkret bir şey deyə bilmirəm.
Hər şey danışıqlara bağlıdır. Təbii ki, zamanın az olduğunun fərqindəyik.
Lakin az da olsa, vaxt var. Və bu vaxt ərzində açıq qalan suallara cavab tapmağa çalışacağıq. Ümid edirəm ki, istəyimizə çatacağıq".
Klub rəsmisi yerli futbolçularla bağlı duruma da aydınlıq gətirib:
"Yerli futbolçularla bağlı durum da oxşardı. Açıqlanmayan adlarla danışıqlarımız gedir.
Müzakirələr yekunlaşmaq üzrədir. Bu yaxın günlərdə hər şey məlum olacaq”.
XANOĞLAN / SPORTİNFO.AZ

