Ölkə kubokunun qalibi “Qəbələ”də “yarpaq tökümü” davam edir.
Əla mövsüm keçirən futbolçular əvvəlkinə nisbətən yüksək maaş tələb edir ki, bölgə təmsilçisinin maliyyə durumu bəzi oyunçuların gedişini şərtləndirir.
Bu günə qədər Məqsəd İsayevlə Ramon Maçadonun ayrılığı rəsmən təsdiqlənib.
Rafael Utziq karyerasını baş komandada davam etdirəcəyini saytımıza açıqlamasında demişdi. İsnik Aliminin də “Qəbələ”də qalmayacağı haqda xəbərlər dolaşır.
Müqaviləsi başa çatanlardan biri də Ruan Renatodur. Ötən yay “qırmızı-qaralar”la 1 illik anlaşmaya qol çəkən braziliyalı mərkəz müdafiəçisi Sportinfo.az-a açıqlamasında “Qəbələ”dəki gələcəyi barədə danışıb:
“Hazırda yalnız istirahətim haqda düşünürəm. Ağır və uğurlu mövsümdən sonra buna ehtiyacım var. Bir qədər dincələndən sonra gələcəyimlə bağlı qərar verəcəm.
İndidən bu haqda nəsə demək çətindir. Hər şey danışıqların gedişindən, mənim və klubun irəli sürəcəyi şərtlərdən asılı olacaq. Həyatda hər şey mümkündür”.
2021-ci ilin yayından bölgə təmsilçisinin uğurları üçün tər tökən 29 yaşlı müdafiəçi meydana çıxdığı 72 oyunda 4 qol vurub, 1 assist edib.
HƏBİB

