Regekampfın məşqçilik “kitabını bağlayan” adam

6 İyun 2023 22:20 Qəbələ 2 092
Regekampfın məşqçilik “kitabını bağlayan” adam

Səbrsizliklə gözlənilən ölkə kubokunun final qarşılaşmasında “Qəbələ” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib, mövsümü titulla başa vurmağı bacardı.

Təbii, qazanılan uğurda klub rəhbərliyindən tutmuş inzibatçıya qədər hər kəsin, məşqçilər heyətinin, futbolçu heyətinin danılmaz əməyi var.

Lakin zəfərin ən böyük pay sahibi Rumıniya və BƏƏ çempionu Laurentsiu Regekampfa məşqçilik dərsi keçən Elmar Baxşıyevdir.

İdeal təhlil, fırtına başlanğıc

Bölgə təmsilçisinin 120 dəqiqə ərzində yaratdığı qol imkanlarının sayını yadda saxlamaq mümkün deyildi. “Qırmızı-qaralar” oyuna sürətli başlamaqla rəqibin canına qorxu salıb istədiyini edirdi. Bu, əsas plan idi – qapanmamaq, “Neftçi”yə dominantlıq imkanı verməmək.

İlk yarım saatda 2-3 real qol fürsəti yaxalayan qəbələlilər “Neftçi”ni meydanda yox etmişdi. Baxşıyev “ağ-qaralar”ı lazımınca təhlil etmiş, zəif cəhətlərini incələmiş, futbolçularına müvafiq tapşırıqlarını vermişdi.

Tapşırıq nə idi?

Müdafiədə diqqətli oynamaq, hücumlar zamanı uzun ötürmələrlə cinahları işə salmaq. “Neftçi”nin cinahlarında həyəcanını boğa bilməyən Ömər Buludovla məcburiyyətdən sol cinah müdafiəçisi kimi oynadılan Kenni Sayef yer almışdı ki, “Qəbələ”nin planı istənilən effekti verirdi.

Maçado, Santos, Utziq üçlüyü bölgə təmsilçisinin əsas “silahlar”ı idi.

Braziliyalılardan ibarət trio “ağ-qaralar”ın cinah və mərkəz müdafiəçilərini təzyiq altında saxlamaqla meydanda istədiyini edirdi. Rəqibin adının əzəmətindən qorxmaq hissi qətiyyən yox idi.

“Qəbələ”nin start “11-liy”i hər nə qədər ideal idisə, başlanğıcdakı özünəinam və rəqibə göstərilən təzyiq bir o qədər möhtəşəm idi.

Ağıllı əvəzetmələr

Oyuna əlavə 30 dəqiqənin əlavə olunması “qırmızı-qaralar” üçün bayram idi. Baxşıyev mümkün uzatmaları da göz önünə alıb, işini əvvəldən ehtiyatlı tutmuşdu.

Az öncə adları qeyd olunan braziliyalılar “Neftçi”nin futbolçularını 90 dəqiqə ərzində yormalı, əsəbləri ilə oynamalı, müdafiəçilər işini ehtiyatlı tutmalıydı ki, bu tapşırığa artıqlaması ilə əməl olunmuşdu.

Əlavə olunmuş 30 dəqiqədə isə əvəzetmələr işə yarımalıydı. Baş məşqçi həmin vaxtda gizli “silahlar”ını döyüşə atmağı əvvəldən planlamışdı.

Üvi-Rövlan-Omar üçlüyü oyuna qoşulmaqla “Neftçi”nin yorğun və həyəcanlı müdafiəçilərini basqı altında saxlamalı, ələ düşən fürsətlərdən maksimum yararlanmalıydı.

Əvəzetmələr “Qəbələ”yə qələbə gətirdi. Ülvi dirəyi nişan alıb, digər anda topu az fərqlə qapının yanından vurdusa, Rövlanın iki zərbəsindən biri qapıçıda qalıb, digər “çərçivə”nin üstündən keçdi.

Omar komandasına penalti qazandırdı. Hətta sona yaxın təkbətək epizodu boşa verdi.

Özünəinamın yaratdığı rahatlıq

“Qəbələ”nin işi rəqibinə nisbətən rahat idi. Premyer Liqanı üçüncü pillədə başa vuran bakılılar sponsorların, azarkeşlərin, ictimaiyyətin qarşısında bəraət qazanmaq üçün kuboku muzeyinə aparmalıydı. Bu mənada təzyiq həftələr öncədən hiss olunurdu.

Bölgə təmsilçisi isə bu baxımdan rahat idi. Kubok əldən çıxsaydı belə, əsas vəzifə - Avropa Konfrans Liqasına vəsiqə qazanılmışdı.

Baş məşqçi məhz bu məqamı futbolçuların beyninə yeritməyi bacarmışdı. Elə buna görə də “Qəbələ”də zərrə qədər də olsun təzyiq və həyəcan yox idi. İlk dəqiqələrdən özünü meydan sahibi kimi aparmaq da özünəinamın göstəricisiydi.

Baş məşqçi təkcə güclü taktik demək deyil. O, həm də savadlı psixoloq olmağı bacarmalıdır. Elmar Baxşıyev hər iki bacarığı sayəsində “Neftçi”nin legioner məşqçisinə bu işin incəliklərini öyrətmiş oldu.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA