Finalda “Neftçi”ni udaraq ölkə kubokunu qazanan “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a öncə qələbə ilə bağlı fikirlərini bildirib, daha sonra sualları cavablandırıb.
“Azarkeşlərimizi, futbolçularımızı, məşqçilər korpusunu təbrik edirəm. Sərgillədiyimiz oyunla bu cür qələbəyə layiq olduğumuzu düşünürəm. Həqiqətən xoş oldu”.
- Avrokuboklarda “Qəbələ”nin mərhələ adlamaq şansı barədə nə düşünürsüz?
- Yəqin ki, potensial rəqiblərimizin adlarını görmüsüz. İndidən nəsə demək çətindir. Çünki rəqibimiz bəlli deyil. Bir onu deyə bilərəm ki, əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq.
- “Qəbələ” bütün komponentlərlə rəqibini üstələdi. Baş məşqçinin komandanı oyuna necə hazırladığını başa düşdük. Maraqlıdır, rəhbərlik olaraq siz komandaya necə motivasiya vermişdiz?
- Onu baş məşqçidən və futbolçulardan soruşsaz yaxşı olar.
- Çempionatın əvvəlində mövsümü titulla başa vuracağınızı ağlınızdan keçirirdiz?
- Əlbəttə. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Kubok da bonus oldu. Öncəki illərdə kuboku götürmüşdük, finalda oynamışdıq. Komandada potensialın olduğuna əmin idik. Çünki layiqli futbol oynayırıq. Futbol oynayanda qələbə özü gəlir.
- Heyəti qoruya biləcəksiz?
- Çalışacağıq.
- Kubokun qazanılması heyətin qorunması üçün stimul ola bilər?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bu dəqiqə ortada real nəsə yoxdur. Yəqin ki, hansısa mənada motivasiya olacaq.
- Elmar Baxşıyevin gələcəyi ilə bağlı qərar verilib.
- Demək olar ki, hə. “Qəbələ”dəki işini davam etdirəcək.
- Mətbuatda yayılan məlumata görə, komandanın uğurlu çıxışı Tale Heydərovu yenidən “Qəbələ”yə diqqət ayırmağa həvəsləndirib. Bu, nə dərəcədə doğrudur?
- “Gilan” baş sponsorumuz olaraq qalır. Komandanın bu yerə gəlib çıxmasında, kuboku qazanmasında böyük pay sahibidir. Mətbuat vasitənizlə Tale bəyə təşəkkür etmək istəyirəm. Tale Heydərovun qələbələrdə xüsusi payı var.
- Büdcənin artırılması gündəmdədir?
- Hələ ki, belə bir söhbət yoxdur. Komanda üçün ilk günlərdən yaradılmış şəraitdən tutmuş bugünkü imkanlara görə Tale Heydərova minnətdarıq.
HƏBİB

