"Qəbələ"də yeni anlaşma.
Bölgə klubu Fares Abu Akellə yolların davam etdirilməsinə qərar verib.
Ötən yay heyətə cəlb edilən israilli yarımmüdafiəçi daha bir il "qırmızı qaralar"ın şərəfin qoruyacaq.
Yeni təklif israilli üçün xoş jest hesab oluna bilər.
Belə ki, Premyer Liqanın 33-cü turunun "Turan"la matçında (1:2) ciddi zədə alan "6 nömrə" mövsümü erkən başa vurmalı olmuşdu.
Ölkəsində əməliyyat olunacaq əcnəbi futbolçu Konfrans Liqasında da komandasına kömək edə bilməyəcək. Onun ən yaxşı halda yeni mövsümün ilk turlarında sıraya dönəcəyi ehtimal edilir. Qayıdış bir qədər də gec ola bilər.
Əslində indiki durumda Ferasın göndərilib, yerinə hazır futbolçu alınması daha məqsədə uyğun olardı. Onsuz da müqavilə başa çatıb. Qarşıdan isə avrokubok matçları gəlir.
Amma rəhbərlik jest edərək zədəli orta xətt oyunçusu ilə müqavilənin müddətin uzadıb. Komandanın uğurlu mövsüm keçirməsində əməyi olan və bu yolda zədələnən Ferasla bu durumda yolların ayrılması doğru hesab olunmayıb.
26 yaşlı legioner bu mövsüm 38 oyunda meydana çıxıb və 2 qol, 2 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

