"Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq" - Elmar Baxşıyev

2 İyun 2023 20:10 Qəbələ 377
"Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq" - Elmar Baxşıyev

"Qəbələ" sabah Azərbaycan Kubokunun final matçında "Neftçi" ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, oyundan əvvəl təşkil olunan mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun əhəmiyyətini bilirik. Komanda şəklində çalışacağıq ki, yaxşı mübarizə aparıb, istəyimizə çataq. Şanslar bərabərdir. Finalda favorit olmur. Düşünürəm ki, komandam məqsədə çatmaq üçün hər şeyin ən yaxşısını edəcək.

- "Bakcell Arena" "Neftçi"nin stadionudur. Bu amil sizə problem yaradacaq?

- Təsir etməməlidir. İlk dəfə deyil ki, burada oynayırıq. Biz də"Bakcell Arena"ya alışmışıq. Stadionun atmosferi futbolçuların oyundan həzz almasına münasibdir. Düşünmürəm ki, bizə təsiri olacaq.

- "Qəbələ" avrokuboklara vəsiqə qazanıb, "Neftçi"də isə titul qazanmaq üçün gərginlik var. Bu, sizin xeyrinizədir?

- "Neftçi"nin necə olacağını düşünmürük. Məni daha çox düşündürən öz komandamdır. Çempionatda istədiyimiz yerə gəlib çatdıq. Futbolçulara təşəkkür edirəm. Oyunçularım hər şeyi edəcəklər ki, titula sahib çıxsınlar. İddialıdırlar. Sabah fərqli "Qəbələ" görəcəyik.

- Asif Məmmədov zədəlidir. Ehtiyat skamyada görəcəyik onu?

- Cəzalı olduğuna görə otura bilməz. Çempionatdakı oyunda zədə alanların komandada olması mənim qərarım idi. Asif bizim üçün önəmlidir. Onu da komandada hiss edəcəyik.

- Onunla yeni müqavilə bağlayacaqsız?

- Əlbəttə. Asif oyunda zədə alıb, klub olaraq ən yaxşısını etməyə borcluyuq ki, karyerasını davam etdirsin.

- Özünüzü evdə hiss etməyiniz üçün "Qəbələ" azarkeşlərini stadiona necə səsləyərdiz?

- İstəyərdik ki, azarkeşlərimiz sabah stadionda olsunlar. Onların dəstəkləri bizə əlavə güc verir. İnanıram ki, çoxlu sayda azarkeşimiz stadionda olacaq. Futbol statistika üzərində qurulmayıb. Oyunlar fərqli olur. Keçmişdə olanlar keçmişdə qalıb. Düşünürük ki, tarix yaza bilərik. Futbolçularıma inanıram. İnanıram ki, məqsədə çatmağa cəhd edəcəyik.

- Bəziləri bu oyunu Elmar Baxşıyev - Laurentsiu Regekampf dueli kimi görür....

- Bəziləri hər cür fikirləşə bilər. Sabah "Neftçi" və "Qəəblə" oynayacaq. Məşqçilərin yox, komandaların dueli olacaq.

- Heyətlə bağlı probleminiz var?

- Zədəli Fares Abu Akeldir. Əməliyyat olunmalıdır. İki futbolçu xaric bütün komanda sabahkı oyunda iştirak edə biləcək.

- Laurentsiu Regekampf da şansları 50/50-ə dəyərləndirdi. Amma kağız üzərində və büdcəsinə görə "Neftçi" daha çox favorit görünür. Azərbaycanlı və legioner məşqçilərin üz-üzə gəlməsi baxımından önəmli matçdır?

- Premyer Liqada da bizə inanan az idi. Amma şükürlər olsun ki, az büdcə ilə məqsədimizə çatdıq. Sabah finaldır. Büdcə heç cür önəm daşımır. Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq.

- Əksər komandalar futbolçularla yollarını ayırır. Transfer üçün daxili bazara baxacaqsız?

- Transfer çalışmalarımıza başlamamışıq. Daha çox sabahkı oyunu düşünürük. Bu matçdan sonra hansı mövqelər önəmli olacaqsa, transferlərimizi o yöndə edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti