Bu “Qəbələ” o “Qəbələ” deyil...

1 İyun 2023 02:20 Qəbələ 748
Bu “Qəbələ” o “Qəbələ” deyil...

Premyer Liqada mövsümün başa çatması ilə Azərbaycanı Avropanın "yaşıl meydanları”nda təmsil edəcək klubların da adları bilindi.

Bu şərəfə nail olan təmsilçilərimizin arasında "Qəbələ” də var. Bölgə təmsilçisi sözün bütün mənalarında dişiylə-dırnağıyla mübarizə apardı və sonda layiq olduğunu vəsiqəni də qazanmağı bacardı.

Amma bu bu vəsiqə əyalət təmsilçisinin bu mövsümdə qazandığı yeganə uğur da deyil. "Qırmızı-qaralar” əvvəlcə "Qarabağ” kimi çətin və güclü rəqibi yolundan kənarlaşdırıb, Azərbaycan kubokunun finalına yüksəlməyi bacarıb. Qənimətə gedən yolda sonuncu əngəl "Neftçi”dir. Mövsümün geridə qalan oyunlarına nəzər yetirəndə "Neftçi”nin "Qəbələ” üçün o qədər də çətin rəqib olmadığını deməliyik. "Ağ-qaralar” üçün futbol ili o qədər uğurlu keçməyib. Buna görə də onlar üçün də ölkə kubokunun qazanmaq vacib şərtdir. Deməli, iyunun 3-də keçiriləcək final qarşılaşmasında azarkeşləri yetərincə maraqlı və gərgin mübarizə gözləyir.
"Qəbələ”nin kuboku qazanıb-qazanmayacağından asılı olmayaraq, başa çatan mövsümü Elmar Baxşıyevin çalışdırdığı komanda üçün uğurlu saymaq olar. Bölgə təmsilçisi qələbəylə start verdiyi mövsümü yaxşı keçirdi, heç vaxt turnir cədvəlinin "ekvator xətti”ndən aşağı düşmədi. Düzdür, müəyyən zaman kəsiyində "qırmızı-qaralar” çətin günlərdən keçdi, azarkeşlərini ardıcıl bir neçə oyunda üzdü də. Elə həmin turlarda "Qəbələ” "Zirə”ni özündən irəli buraxıb, 5-ci pilləyə qədər geriləmişdi. Elə "Zirə”ylə Qəbələdə keçirilən oyun da dönüş nöqtəsinə çevrildi, son saniyələrdə gələn möcüzəvi qolla qələbəyə sevinən "Qəbələ” rəqibi üzərində psixoloji üstünlük qazanmağı da bacardı.

Bütün bunlar qırmızı-qara rənglərə könül verən azarkeşlər üçün yaxın keçmişin şirin xatirələridir. Azarkeşlər indi keçmişi çək-çevir etməkdən daha çox gələcəyə ümidlə baxmağa üstünlük verirlər. İndi qarşıda duran əsas sual "Qəbələ”nin avrokuboklardakı perespektividir. Ad olaraq "Qəbələ” avrokuboklar üçün heç də təcrübəsiz sayılmaz. Komanda qısa müddət ərzində qrup mərhələsinə yüksəlib, Avropanın futbol elitasında adından söz etdirməyi bacarıb. Ukraynalı mütəxəssis Roman Qriqorçukun çalışdırdığı "Qəbələ” ardıcıl iki dəfə birinci təsnifat mərhələsindən başlayıb qrup mərhələsinə qədər yüksəlmişdi. Bu göstəriciyə görə çoxları "Qəbələ”yə həsəd aparırdı. Məhz "qırmızı-qaralar”ın sayəsində həmin vaxt Azərbaycan avrokubokların qrup mərhələsində iki komanda ilə təmsil olmaq hüququ qazanmışdı. İndi "Qəbələ” kimi biz də o günlərin həsrətindəyik.

Bəli, Azərbaycan futbolu ilə az-çox maraqlanan hər kəs bilir ki, indiki "Qəbələ” Roman Qriqorçukun dövründəki komandanın zəif kölgəsidir. Mən bu gün "Qəbələ”nin formasını geyinən futbolçuların hamısına böyük hörmət bəsləyirəm. Onların hər birinin apardığı mübarizə alqışlanmalıdı. Elə bu mübarizənin nəticəsidir ki, "qırmızı-qaralar” ölkə kubokunun finalına yüksəlib, turnir cədvəlində 4-cü yeri tutmaqla Azərbaycanı UEFA Konfrans Liqasında təmsil etmək hüququ qazanıb. Amma bu məsul yarış öncəsi bizim hər birimizi narahat edən bir acı həqiqət var. Bu "Qəbələ” o "Qəbələ” deyil. Hazırkı heyətlə "Qəbələ”nin Konfrans Liqasında uzağa gedəcəyinə inanmaq çətindir.

Zaman az olsa belə, komanda güclənməli, səviyyəli futbolçular hesabına heyətdə rəqabət artmalıdır. Xüsusən də "Qəbələ”nin legionerlərinin mövsümün gedişində rəqabətsizlikdən əziyyət çəkməsinə çox şahidlik etmişik. Uzun mövsüm ərzində müəyyən enişlərdən sonra vəziyyəti düzəltmək, itirilənləri qaytarmaq olurdu. Amma avrokuboklarda zaman çox sürətlə keçir, xırda səhvlərin cəzası ağır olur. Ümid edək ki, rəhbərlik də, Elmar Baxşıyev də bu məqamları nəzərə alacaq, "Qəbələ” zamanı və transfer imkanlarını düzgün dəyərləndirməklə avrokuboklarda Azərbaycanı daha yaxşı təmsil etməyə çalışacaq (qaynarinfo).

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti