Deyəsən, özü-özünə qadağan edib ki…

23 May 2023 19:00 Qəbələ 512
Deyəsən, özü-özünə qadağan edib ki…

Premyer Liqanın ən azqollu turlarından birini geridə buraxdıq.

Son dörd oyunun yalnız birində qalib gələn oldu, qalanları 1 xala «Allah bərəkət versin» dedi.

O deyənlərdən biri də «Qəbələ»dir. Şamaxı səfərindən qələbəylə dönsəydilər, avrokuboklara vəsiqə qazanan dördüncü komanda olacaqdılar.
Qaçırdılar fürsəti.

Oyunu ələ alsaq, qonaqlara «Şamaxı»ya hay vurub, halay çaldılar. Ev sahiblərini istək və qol epizodu sayında üstələdilər.

«Şamaxı»da 10 nəfəri keçdilər, Rəşad Əzizlidə «ilişdilər». «Şamaxı» heç-heçəni qurtarmasına görə yaşlı-başlı qapıçısına minnətdar olmalıdılar.

Rəşad mövsümün ən yaxşı oyununu oynadı, üzbəüz fraqmentlərdə rəqibin hücumçularına keçid vermədi.

Bu epizodların biri qol olmadı, əks təqdirdə, ardı gələcəkdi. Felipe Santos, Rafael Utrix və digərlərinin qaçırdığı imkanlar «Qəbələ»ni kamına çatdırmadı.

Elmar Baxşıyev oyundan sonra dilxor təsir bağışladı. Doğrudan da, yaxşı fürsət yaxalamışdılar, gedişat tabloda əksini tapmadı.

Baxşıyev final fiti çalınan kimi hakimləri qabağına qatdı, bir xeyli şikayətləndi. O. həmin enerjisini bir qədər əvvəl komandasına da xərcləyə bilərdi.

Yenə bunu etmədi. Deyəsən, Elmar bəy oyunçularına «bir az hərəkətli olun, sürəti artırın» söyləməyi özünə qadağan edib.

Ya vəlvələdən, ya zəlzələdən.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti