“Qəbələ”linin qələbə “inşallah”ı: “Üç final oynayacağıq”

19 May 2023 21:00 Qəbələ 541
“Qəbələ”linin qələbə “inşallah”ı: “Üç final oynayacağıq”

Avrokuboklara dördüncü vəsiqənin sahibi növbəti turda müəyyənləşə bilər.

Bunun üçün “Zirə” “Sabah”la oyunda xal itirməli, “Qəbələ” Şamaxı səfərində qələbəyə sevinməlidir.

Bu baş versə, qəbələlilər sonuncu turu gözləmədən Avropa Konfrans Liqasındakı iştirakı indidən bayram edəcək.

Lakin bölgə təmsilçisinin durumu heç də ürəkaçan deyil. Apreldə uğurlu qrafik yaxalayan Elmar Baxşıyevin yetirmələri son iki matçda “Qarabağ”la “Turan Tovuz”a məğlub olub.

“Qırmızı-qaralar” bu matçlarda rəqib qapılarına cəmi 1 dəfə yol tapmaqla öz qapısından 5 top buraxıb. “Şamaxı” isə çətin “Neftçi” səfərindən 1:1-lik bərabərliklə qayıdıb.

Maraqlıdır, qəbələlilər şamaxılılarla görüşdə hansı nəticəyə ümid edir? Komanda üzvlərinin son iki həftədə məyus etdikləri azarkeşlərə sözü nədir?

Məqsəd İsayev Sportinfo.az-a açıqlamasında “Şamaxı” ilə oyunla bağlı fikirlərini dilə gətirib:

“Bizi çox çətin oyun gözləyir. Səfərdə oynayırıq, üstəlik, itkilərimiz var. Son iki oyunda məğlub olmağımız o demək deyil ki, əllərimizi yanımıza salmalıyıq.

Qarşıda bizi bir-birindən çətin üç final oyunu gözləyir. Çempionatda “Şamaxı”yla “Kəpəz”ə, kubokun finalında “Neftçi”yə qarşı. Bu matçların hər biri finala bərabərdir.

Əlimizdən gələnin ən yaxşısını edib mövsümü xoş notlarla başa vurmaq istəyirik. İnşallah, “Şamaxı” ilə dueldə qələbə qazanıb yolumuza davam edərik.

Bu qarşılaşmaların hər birində azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Sona qədər yanımızda olacaqlarına ümid edirəm”.

Mayın 22-də Premyer Liqanın 35-ci turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti