ONU DA TANIYIN - Əyalət klubunun YENİ ULDUZU

4 May 2023 17:40 Qəbələ 836
ONU DA TANIYIN - Əyalət klubunun YENİ ULDUZU

"Qəbələ" ardıcıl 6 oyundu qələbələri sıralayır.

Bu qarşılaşmalardan ikisi ölkə kubokunun, qalanları isə Premyer Liqanın payına düşür.

Bölgə klubunun belə stabil çıxışını uzun müddət idi görmürdük.

Elmar Baxşıyevin yetirmələrinin parlaq nəticələrinin kökündə bir neçə səbəb dayanır. Onlardan biri də Ramon Maçado amilidir.

Yayda heyətə cəlb edilən braziliyalı legioner ilk vaxtlar heç də ürəkaçan formada deyildi.

Düzdü, ön xətdə daim pressinq etməsi ilə rəqibi təzyiqdə saxlayırdı. Bu, hər forvardın bacara biləcəyi iş deyil. Elə bu özəlliyinə görə hətta qollar vurmadan da komandasına fayda verə bilirdi.

Amma bir hücumçu haqqında danışırıqsa, əlbəttə, ilk ağıllara gələn sual - "neçə qol vurub?" olur.

Maçado haqqında danışarkən bu suala pozitiv cavab vermək olmazdı. Mövsümün gedişində 32 yaşlı forvardın bəzən 12 oyunda qol vura bilmədiyi period belə yaşanıb. Amma Baxşıyev davamlı olaraq ona start heyətində güvənirdi. Görünür, bu, təkcə onun ön xəttdəki işgüzarlığına görə deyilmiş. Həm də nə vaxtsa qolları da sıralayacağına olan inamdan irəli gəlirmiş.

Sezonun ən ağır dönəmində bu inam reallığa çevirildi. 28 turda cəmi 3 qol vuran Maçadonu son 4 matçda sözün bütün yaxşı mənalarında tanımaq mümkün deyil.

O, bu qarşılaşmalarda nə az, nə çox 5 qolla yadda qalıb. Hələ bu da tam deyil. Onun adında 3 də qol ötürməsi var.

"Zirə" (2:1), "Neftçi" (2:1), "Sumqayıt" (3:2) və "Səbail"lə (4:2) görüşlərdə qələbələri sıralayan bölgə klubunun aktivində 11 vurulan qol var. Və həmin 11 qoldan 8-də Ramon birbaşa iştirak edib.

Bir sözlə, fantastika! Hələlik...

Son 4 Premyer Liqa matçı və 1 final qarşılaşması var. Əgər performansını bu sürətlə davam etdirə bilsə, onu rahatlıqla mövsümün adamı da adlandıra bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"