"Qəbələ"ni itirməmək, pul qazanmaq üçün…

2 May 2023 11:20 Qəbələ 759
"Qəbələ"ni itirməmək, pul qazanmaq üçün…

«Qəbələ»nin bir ovuc heyəti var.

Elmar Baxşıyev geniş seçim imkanından məhrumdur.

Rəhbərlik cari futbol ilinin əvvəlindən bəri ona inanmadı, hətta qış fasiləsində də istəklərini yerinə yetirmədi.

Yalnız bir legioner aldılar, Əyyub Allaş və əslən mərakeşli yarımmüdafiəçi üçüncü qolunu dünən «Səbail»ə vurdu.

«Qəbələ» imkanlı klubdur. İstəsələr, çox şey edə bilərlər. Başda oturanların baş məşqçiyə güvəni yarımçıq olsa da, bir müsbət xüsusiyyətini mütləq qeyd etməliyik: mükafatları gecikdirmirlər.

Futbolçunun təri soyumamış «ənam»ı bank hesabına köçürülür. Ya da stolun üzərinə qoyulur. Az da mükafat vermirlər.

Hər həftə 1500-3000 manat civarında əlavə qazanc oyunçuları motivasiya eləmək mənasında əla rəqəmdir.

«Qəbələ» mart və aprel aylarını birnəfəsə keçdi. Eyni simalarla qələbələri sıraladılar.

Əksər ekspertlər proqnoz vermişdi ki, «Qəbələ» bu tempi uzun müddət qoruyub saxlaya bilməyəcək, tezliklə düşüşə keçəcək. Mənfi ehtimallar özünü doğrultmadı və qələbə seriyasının ardı bugünədək gəlməkdədir.

«Səbail»ə ard-arda 3 dəfə üstünlüyünü qəbul etdirmək mühüm çalışmanın və yanaşmanın bəhrəsidir.

Final fitindən sonra masasının üzərində bir qalaq pulu görəcəyini bilən, Baxşıyevin yumşaq üzünü gözü önündə canlandıran komanda üzvi niyə də bütün varlığı ilə meydanda mücadilə verməsin?

Axı ondan da məlumatlıdırlar ki, Konfrans Liqasına vəsiqə qazanmasalar, həftəlik pul-paradan savayı, yüksək aylıq əməkhaqqıdan məhrum olacaqlar.

Bu da baş məşqçinin işini asanlaşdırır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti