Bu yola “Şərur”la, 8:0-la, İlqarla çıxdılar, gəlib elə yerə çatdılar ki…

30 Aprel 2023 09:00 Qəbələ 730
Bu yola “Şərur”la, 8:0-la, İlqarla çıxdılar, gəlib elə yerə çatdılar ki…

"Qəbələ" tarixində 850-ci qolu vurub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib.

“Səbail”in qonağı olan “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə topuna, həm də klub tarixinin bütün turnirlər nəzərə alınmaqla 850-ci qoluna İsnik Alimi imza atıb.

2005-ci ildə peşəkar klub kimi fəaliyyətə başlayan “Qəbələ” bu yubileyi 648-ci matçında gerçəkləşdirib.

Komandanın ilk qolu 2005-ci il sentyabrın 21-də birinci dəstənin “Şərur”la ev matçında (8:0) vurulub. 23-cü dəqiqədə rəqib futbolçu İlqar İbrahimov avtoqol müəllifi olub.

İsnikin “ASCO Arena”da dəqiq yerinə yetirdiyi penalti həm də Azərbaycan kubokunda 50-ci səfər qoludur. Bu, rəqib meydanındakı 35-ci görüşə təsadüf edib.

Bu turnirdə ilk səfər qolu 2005-ci il oktyabrın 15-də qeydə alınıb. MOİK-lə qarşılaşmada (4:0) İbrahim Hüseynov fərqlənib.

“Səbail”ə vurulan top şimali makedoniyalı legionerin “Qəbələ” formasında 20-ci qolu olub. O, 68-ci matçında bu rəqəmə çatıb.

Alimi klub tarixinə 20 və daha çox top vuran 9-cu futbolçu kimi düşüb. “5 nömrə” ilk dəfə 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər görüşündə (2:2) rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi 67-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.

Digər Xəbərlər
Xəbər Lenti