"Layiqli qələbə qazanıb finala çıxdıq" -Elmar Baxşıyev

27 Aprel 2023 23:10 Qəbələ 486
"Layiqli qələbə qazanıb finala çıxdıq" -Elmar Baxşıyev

"Qəbələ" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda "Səbail"i 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun ağır keçəcəyini təxmin edirdik. Sıx qrafikdəyik. Təbii otdan süni örtüklü meydançaya keçmək asan deyil. Komandam sona kimi oyundan qopmadı. Düşünürəm ki, layiqli qələbə qazanıb finala çıxdıq.

- Finala kimi çempionatda 5 oyun var. Bu qrafiki avrokuboklara vəsiqə qazanmaq baxımından necə dəyərləndirirsiz?

- Elə durumdayıq ki, heç finala çıxmağı qeyd etməyə vaxtımız yoxdur. Qarşıdakı "Səbail"lə çempionat oyunu bizi düşündürür.

- Qısa müddətdə eyni rəqiblə 3 dəfə oynamaq sıxıcı deyil?

- Yorucu deyil. Komandalar bir-birini oxuyublar. Qəbələdə də bizi ağır oyun gözləyir. Nəticə qazanmaq üçün əzmkarlıq göstərmək önəmlidir.

- Feras Abu Akal aqressiv görünürdü. Bunun səbəbi nə idi?

- Yarımfinaldır. Bunu normal qarşılamaq lazımdır. Futbolçular həddən artıq oyuna köklənmişdilər. Feras ümumi olaraq emosional futbolçudur.

- Rəqib azlıqda olmağına baxmayaraq hücumlar qura bilmirdiniz. Bu, nədən qaynaqlanır?

- Hesab tempi aşağı salmağımıza təsir elədi. Rəqibin azlıqda olması da futbolçuların aşağı tempdə oynamasına səbəb oldu. Hiss olunurdu ki, komanda nəticəyə oynayır. Bunu problem görmürəm.

- Ardıcıl 5 oyundur qələbə qazanırsız. Futbolçularda arxayınlıq yaranacağından qorxmursunuz?

- Məşqçi qorxdusa, işləməməlidir.

- Finala gedən yolda "Qarabağ" və "Səbail"i mübarəzidən kənarlaşdırdız. Hansı daha çətin oldu?

- "Qarabağ" kimi komandanı keçmək böyük güc tələb edir. Rəqibləri seçməzdim. "Səbail"lə oyunlar da ağır idi. Futbolçuları təbrik edirəm. Böyük xarakterə, böyük ruha sahibdirlər. Bizi qarşıda 5 dənə final matçı gözləyir. Hamısına kökləmək mütləqdir.

- Finalda rəqibiniz olan "Neftçi"nin oyununu izlədiniz. Fikirləriniz necədir?

- "Neftçi" "flaqman"dır. Bilirik ki, onlar da kuboka iddialıdır. Biz də əlimizdən gələnin ən yaxşısı edəcəyik ki, hədəfə çataq.

Digər Xəbərlər
Xəbər Lenti