Bakıya gəlmək istədilər, işləri çətinə düşdü, avtobuslar sıraya düzüldü - SON DƏQİQƏ

27 Aprel 2023 11:40 Qəbələ 779
Bakıya gəlmək istədilər, işləri çətinə düşdü, avtobuslar sıraya düzüldü - SON DƏQİQƏ

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin digər cütündə “Səbail” “Qəbələ” ilə qarşılaşacaq.

Bir həftə əvvəl Qəbələdə baş tutan oyunda meydan sahiblərinin möhtəşəm geridönüşlə 3:2 hesabı ilə qalib gəlməsi oyuna marağı xeyli artırıb.

Formula-1 Qran Prisi ilə əlaqədar paytaxtın mərkəzi küçələrinə giriş-çıxışa məhdudiyyət qoyulması istər-istəməz azarkeş sayına təsir göstərəcək. “ASCO Arena”nın Bayılda, yəni Bakının cənub çıxışında yerləşməsi gediş-gəlişə əngəl yaradır.

Lakin hər iki komandanın sadiq azarkeşləri bütün çətinliklərə rəğmən tribunadakı yerini tutacaq. Səhər saatlarından başlayaraq Qəbələdə canlanma müşahidə olunmaqdadır.

Sportinfo.az xəbər verir ki, klub tərəfdarların Bakıya gedib-qayıtması üçün 3 avtobus ayırıb.

Qəbələdən və kəndlərdən 100-150 civarında azarkeş sevimli komandasını dəstəkləmək üçün paytaxta gələcək. Bu saydan 80-90-ı “Red Black Army”nin üzvləri olacaq.

Bakıda xeyli sayda qəbələlinin işlədiyini və təhsil aldığını nəzərə alsaq, tribunadakı say artıq olacaq. Təxminən 250-300 nəfər.

Əslində, Qəbələdən gəlmək istəyənlərin sayı çox imiş. Oyunun axşam 8-də başlayıb, ən yaxşı halda 10-da başa çatması və avtobusların Qəbələyə gecə 2 radələrində çatması kəndlərdə yaşayan azarkeşlərin işini çətinə salıb.

Gecə saatlarında mənzil başına çatmaq üçün nəqliyyat tapa bilməyəcəyindən ehtiyatlanan tərəfdarların əksəriyyəti oyunu mavi ekran qarşısında izləməyi üstün tutub. Əks halda Qəbələdən gələnlərin sayı 300 civarında olmalıymış.

Finala yüksələn komanda iyunun 3-dəki həlledici qarşılaşmada “Neftçi” ilə üz-üzə gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu