
Komandanın son həftələrdə qələbələri sıralaması və avrokuboklara yollanmaq iddiasını artırması «Qəbələ» rəhbərliyini hərəkətə gətirib.
Bir müddət əvvələdək yeni mövsümə aid planlarını açıqlamağa tərəddüd edən və gözləmə mövqeyi sərgiləyən əyalət təmsilçisinin yönətimi indi fəallaşıb.
Müqavilə müddəti bitmək üzrə olan futbolçularla tək-tək görüşən rəsmilər şərti şumda kəsib. Bildirilib ki, komanda Konfrans Liqasında iştirak edərsə, onlarla öncəkindən daha yaxşı şərtlərlə müqavilə imzalanacaq.
Bu vəd ən çox legionerlərlə bağlıdır. Yəni, «Qəbələ» qitə arenasına yollanarsa, əcnəbi futbolçuların aylıq qazancında əməlli-başlı fərq olacaq.
Əks halda isə düşərgə «boşalacaq». Avrokuboklara getməyəcəkləri təqdirdə, klubun gəlirlərinin xeyli azalacağını bildirən funksionerlər hazırkı maaş büdcəsini saxlamağın mümkün olmayacağını etiraf ediblər.
SPORTİNFO.AZ