Sanki yuxu idi… Yox, o deyildi!

24 Aprel 2023 16:00 Qəbələ 855
Sanki yuxu idi… Yox, o deyildi!

Dünənki «Sumqayıt» - «Qəbələ» qarşılaşmasını mövsümün oyunu adlandıra bilərik. Adət etmədiyimiz bir mücadilə izlədik.

Hər iki komandanın ifasında.

90 dəqiqəni iki hissəyə bölməliyik. Fasiləyə qədər olan mübarizəni qoyaq bir kənara. İkinci yarıda gözümüzü meydandan çəkə, doya bilmədik.

«Sumqayıt» əla sürət götürüb, ard-arda iki qol vurdu. «Qəbələ» azarkeşlər «oyun əldən getdi» düşüncəsinə qapılarkən… Elmar Baxşıyev qəflət yuxusundan ayıldı, oyunun məzmununu «oxudu» və iki əvəzetmə ilə gedişatı 180 dərəcə dəyişdi.

Omar Hani və Emin Səfərov formasını tərlətməyə macal tapmadı, amma hərəyə bir dəfə fərqləndi. Hadisələr elə sürətlə inkişaf etdi ki, «Sumqayıt» çaşbaş qaldı.

Futbol ilahəsi «Qəbələ»nin yanında oldu. Vüsal İsgəndərli və Rüfət Abdullazadənin qaçırdığı fürsətləri başqa yerə yozmağa tərəfdar deyiləm.

Açıq oyunun getdiyi son dəqiqələrdə kim fərqlənsəydi, o da 3 xalı aparacaqdı. Abdullazadə ilə topu dirəkdən dönən «Sumqayıt»ı əks-hücumda yaxalayan «Qəbələ» Ramon Maçado ilə «kambek» etdi.

«Qəbələ» bundan öncəki qarşılaşmada - «Səbail»lə kubok matçında da hesabı 0:2-dən 3:2-yə gətirmişdi.

Əzmkardığı ilə «biz «bitmədi» demədən oyun bitməz» söyləyən «Qəbələ»lilər, doğrudan da, ən yaxşı sözlərə layiqdir.

Son vaxtlar əla formadadırlar və avrokuboklara vəsiqə qazanmasalar, bu, insafdan olmaz.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA