Hesabat turunun ən drammatik iki matçından biri “Bank Respublika Arena”da baş tutdu.
Cümə günü “Sumqayıt” Tovuz səfərində yerli komandayla oyunda hesabda 1:2 geri olduğu halda meydanı 3:2 hesablı qalibiyyətlə başa vurmuşdusa, bazar günü eyni ssenariyə “Sabah” – “Qəbələ” qarşılaşmasında tamaşa etdik.
Meydan sahibləri ilk hissənin əvvəlində rəqib qapısına yol tapmağı bacardı. Bölgə təmsilçisi 45 dəqiqənin tamamına qədər 2 qol vurub fasiləyə üstün yollandı.
Stadiona toplaşanlar və mavi ekran qarşısında əyləşənlər oyunun bu hesabla başa çatacağını təxmin etsə də, son 10 dəqiqədə vəziyyət kökündən dəyişdi.
86-cı dəqiqədə Coy-Lens Mikels, hakimin əsas vaxta əlavə etdiyi 5-ci dəqiqədə isə Aleksey Kaşuk fərqlənməklə “Sabah”ın qələbəsini təmin etdi.
“Tələbələr”in inadkarlığı və mübarizliyi öz yerində. Diqqətçəkən məqam “Qəbələ”nin qapıçısı ilə müdafiəçilərinin yol verdiyi kobud səhvlər idi.
Xüsusən təcrübəli Səlahət Ağayevin qapıda inamsız təsir bağışlaması, “çərçivə”ni itirməsi yekun hesabda özünü göstərdi.
“Qəbələ” azarkeşləri hələ də özünə gələ bilmir. Klubun sosial media hesablarında yazılan şərhlərdə isə oyunun “əsas qəhrəmanı” qapıçı göstərilir:
“Səlahət bu komandanın əziyyətini yerə vurdu. “Qəbələ”yə mütləq gənc və güclü qapıçı lazımdır. Bir oyunda 3 kobud səhvə yol verən qapıçı növbəti matça kimi yola salınmalıdır”.
“Udmalı olduğumuz oyun idi. Səlahət məhv etdi. Nicat Mehbalıyev Səlahətdən min dəfə yaxşı qapıçı idi”.
“Səlahəti rədd etsinlər komandadan”.
“Biz də normal yaşamaq istəyirik. Niyə hər dəfə Səlahətə görə əsəb xəstəsi olmalıyıq?”
“Komanda Səlahətin ucbatından uduzdu”.
“Qapıçı komandanı uduzdurdu. Topa elə çıxarlar heç? Hər iki qolda aşkar qapıçı səhvi var idi. Heyf oyunçuların əziyyətinə”.
“Heyf əldən çıxan 3 xala. Səlahət kimi qapıçın varsa, belə də olmalıdır”.
“Səlahət zibil elədi oyunu. 3 qolun hamısında rolu var idi”.
“Səlahətin bu oyunda düzgün etdiyi şey nə idi?”
HƏBİB / SPORTİNFO.AZ

