“Qəbələ”nin bitməyən BÖYÜK DƏRDİ

3 Aprel 2023 23:00 Qəbələ 985
“Qəbələ”nin bitməyən BÖYÜK DƏRDİ

Premyer Liqanın ən baxımlı futbolunu oynayan iki komanda adını soruşsan əksəriyyət mütləq “Qəbələ”nin adını çəkəcək.

Mövsüm ərzində maksimum 2-3 oyunda bu kollektivin oyunu istənilən kimi alınmayıb.

Qalan bütün görüşlərdə meydandakı mübarizəsinə, baxımlı oyununa, yaratdığı qol epizodlarına görə bölgə klubu heç bir rəqibinin qarşısında başı aşağı olmayıb.

Hətta məğlub olduğu görüşlərdə belə. Elə sonuncu “Sabah” səfərində olduğu kimi.

Elmar Baxşıyevin yetirmələri Masazırdakı qarşılaşmadan 2:3 hesablı məğlubiyyətlə ayrıldı.

Futbolu azacıq başa düşən, anlayan hər kəs səmimi etiraf edər ki, “qırmızı qaralar” ən azı bir xal haqqı idi. Elə qələbə də onlara daha çox yaraşırdı.

Bu mövsümdə heç də ilk belə hal deyil. “Qəbələ” belə layiq olmadığı məğlubiyyətlər, bərabərliklə az görməyib. Elə onun nəticəsidir ki, “Zirə” son 9 oyunda cəmi 1 qələbə əldə etsə də “Qəbələ” 4-cü pillədə lövbər salan paytaxt klubunu sıxışdırıb ilk dördlüyə yüksələ bilmir. Aradakı xal fərqi də elə çox deyil, cəmi 2 xal.

Həftələrdi 5-ci sırada məskən salıb.

Bəs oyun varsa, rəqiblərdən çox qol epizodları yaradılırsa problem nədir?

Bəla ondadır ki, problemin kökü də hamıya aşkardı – ön xətt oyunçularının qeyr-dəqiqliyi, fürsətləri eninə-boluna sağa-sola xərcləmək xəstəliyi.

Bu virus komanda üzvlərinə nə bu gün yoluxub, nə də dünən.

Artıq neçə mövsümdür davam edir.

Yeni simalar da gəlir, amma dərd sağalmır ki sağalmır.

Gedişata müdaxilə mütləqdir. Necəsinizi mən də bilmirəm. Ancaq bir yolu olmamış da deyil.

Turnir cədvəlində də işlərin baxımlı oyun qədər, rəngarəng hücumlar qədər, yaradılan qol epizodları qədər rəvan getməsi üçün bu dərdə çarə tapmalıdır.

Əks halda hələ çox oyunlar olacaq ki, komanda sevərlər “off” deyib başını tutacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA