Ardıcıl ikinci il Konfrans Liqasında iştirak etmək istəyən «Qəbələ» dünənki gecəni belə tamamlamalı deyildi.
Masazırda məğlubiyyətlə üzləşdilər, bu, doğru olmadı.
Qələbəyə daha yaxın tərəf onlar idi, «val» son bir neçə dəqiqədə dəyişdi.
Sən saydığını say, gör, Səlahət Ağayev nə sayır! Heyif ona ödənilən 10 min manatdan. «Qəbələ» rəhbərliyi Səlahətə verdiyi bu pulu rayonun kasıb-kusublarına paylasaydı, onların duaları komandaya daha çox kömək edərdi.
Ağayev hər üç qolda kobud səhvə yol verdi. İndi baxıram, yaş 32.
Bu yaşda olan qapıçının etməməli olduğu xətaları sıralayan Ağayevə baş məşqçinin sonsuz məhəbbətinin səbəbini bilmək mənə də maraqlıdır.
O, artıq neçənci dəfədir ki, yoldaşlarının zəhmətini yerə vurur.
Görən, Elmar Baxşıyevə səlahiyyət verilməyib ki, Səlahəti ehtiyat skamyada əyləşdirsin? Yaman bərk yapışıb ondan.
Səlahət isə bu imkandan istifadə etmir, sui-istifadə edir. Nə çox topa çıxışda nə edəcəyini bilməyən, zamanı düzgün hesablamayan qapıçı!
Mütləqdir ki, o, Səlahət Ağayev olsun və ayda 10 min manatı cibinə qoysun?
Bildik, «Qəbələ»nin könül qapısı açıqdır, bəs Səlahətə nə gəlib, bank kartınıa köçürülən pulu hansı üzlə çıxarır? Əzab hissi keçirmir heç?
«Qəbələ» mükəmmələ yaxın futbol sərgilədi, özündən qat-qat güclü «Sabah»a çətin anlar yaşatdı, sonda gəlib yenə Səlahətdə «ilişdi».
«Qəbələ»də əsas heyəti bəlkə də Elmar Baxşıyev müəyyənləşdirmir.
Bu məsələyə qarışa bilmirsə, heç olmasa, hirsini soyutmaqdan ötrü öz-özünə dodaqaltı zümzümə eləsin: «Bu nə bəladır, düşmüşük Allah!».
MUSA

