Bu komandanı kim və nə üçün dağıdır?

23 Mart 2023 14:40 Qəbələ 900
Bu komandanı kim və nə üçün dağıdır?

«Qəbələ»nin yaxşı büdcəsi, yaxşı heyəti var.

Bu komandanın formasını aylıq məvacibi 10-12 min dollar təşkil edən legionerlər geyinir.

Hazırda Elmar Baxşıyevin sərəncamında 12 əcnəbi növbə çəkir.

Baş məşqçi son vaxtlara kimi ümumi say azlığından şikayətlənsə də, düşünürəm ki, əsas problem bu deyil. problem sabitliyin təmin olunmamasındadır. Nəticələrə görə belə qənaətə gəlmişəm.

«Qəbələ» cari mövsüm Premyer Liqada ardıcıl üç tur qələbə qazanmayıb. Daim eniş-çıxışdadırlar. Bu, nəyin göstəricisidir? Məşqçi əlinin komandanın kürəyində dolaşmamasının.

Futbolçuların Baxşıyevə münasibəti birmənalı deyil, mübahisəyə açıqdır. Tərəfdarları da çoxdur, əleyhdarları da.

Bu iki qrup arasında fikir ayrılığı ciddiyət qazanıb və Baxşıyev hər nə qədər çalışsa da, ortaq məxrəci tapa bilmir. Əlqərəz, kələfin ucunu itirib.

Burada nizam-intizam zəifdir. «Qəbələ» Premyer Liqanın ən çox sarı və qırmızı vərəqə alan, eyni zamanda, ən kobud oyuna üstünlük verən komandasıdır.

Yaxınlarda açıqlanan rəsmi statistikaya nəzər yetirəndə, daha adamın danışmağa sözü qalmır.

İntizam olmayan yerdə belə bir tablo ortaya çıxır. Baxşıyev alicənab insandır, sadəcə, çatışmayan xüsusiyyəti əlini vaxtında stola çırpmaması, çırpa bilməməsidir.

O. ipə-sapa yatmayan legionerləri yerli-yersiz müdafiə, sinəsini bu yolda sipər edir.

Baxşıyev nəvaxtdır görəvdədir, onu bircə dəfə legionerlərə sərt üzünü göstərən görən olmadı. Və bu da yerlilərdə qıcıq, həm də ona qarşı qəzəb yaradır.

İndi «Qəbələ»nin daxili kontingentini təşkil edən futbolçuları tək-tək dindirən olsa, mütləq əksəriyyəti ayrılmaq istədiyini deyəcək.

Onlara bunu dedizdirən baş məşqçinin komanda daxilində yol verdiyi ayrı-seçkilik hallarıdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti