“Bura işləməyə gəlmişəm, əylənməyə yox” - MÜSAHİBƏ

16 Mart 2023 20:00 Qəbələ 558
“Bura işləməyə gəlmişəm, əylənməyə yox” - MÜSAHİBƏ

“Qəbələ”nin son transferi Əyyub Allaş Sportinfo.az-ın suallarını cavablandırıb.

Əslən Mərakeşdən olan belçikalı yarımmüdafiəçi həm “Turan Tovuz”la qarşılaşmadan (1:1), həm də ölkəmizdə gördüklərindən söz açıb.

- “Turan Tovuz”la 1:1 oynadız. Nəticədən yəqin ki, sizi razı salmadı.

- Bura 3 xal üçün gəlmişdik. Özünüz də gördüz ki, hədəfə çatmaq üçün çox çalışdıq, əlimizdən gələni etdik. Rəqib böyük qüvvə ilə müdafiə olunmaqla işimizi çətinləşdirdi. Nəticədən üzgünük.

- Tovuz səfəri rəqiblər üçün asan keçmir...

- Dördüncü pillədəki rəqibdən uzaq düşməmək üçün 3 xal bizə çox vacib idi. Başa düşürəm, rəqib doğma meydanda, öz azarkeşlərinin qarşısında oynayırdı. Amma biz istənilən halda qələbəni hədəfləmişdik. “Turan Tovuz”un əks-hücumlarda təhlükəli olduğunu, müdafiədə sıxlıq yarada bildiyini oyundan öncə məşqçilər heyəti bizə denişdi.

- Öz çıxışını necə dəyərləndirirsən?

- Bu, start heyətində ilk oyunum idi. Əlbəttə, buna görə xoşbəxtəm. Amma əsl Əyyubu görməyimiz üçün bir müddət gözləməliyik.

- Nə qədər?

- Dəqiq vaxt demək çətindir. Komandaya gec qoşuldum, birlikdə hazırlıq keçmək imkanım olmadı. Buna baxmayaraq, dayanmadan çalışıram, “Qəbələ”yə fayda vermək istəyirəm. Milli komandaların çıxışı ilə bağlı yaranmış fasilə yerinə düşdü. Fikrimcə, iki həftəlik fasilə işimə yarayacaq.

- Bakıda boş vaxtını harada və kiminlə keçirirsən?

- Məşqdə oluram, evə gəlib yemək yeyirəm, yatıram, dincəlirəm, kitab oxuyuram. Bura işləmək üçün gəlmişəm, əylənməyə yox. Ona görə də işimə və rejimə xüsusi diqqət ayırıram.

- Daha çox hansı futbolçu ilə yaxınsan?

- “Qəbələ”də əsl ailə ab-havası var. Bütün futbolçularla qardaş kimiyik. Yaovi Akakpo fransız dilində danışdığı üçün harasa gedəndə onunla oluram. Özüm də fransızdilli olduğum üçün mənə rahatdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!