COP29

"Bir qədər soyuqqanlı olmaq lazımdır" - Elmar Baxşıyev

11 Mart 2023 17:20 Qəbələ 460
"Bir qədər soyuqqanlı olmaq lazımdır" - Elmar Baxşıyev

“Maraqlı oyun alındı. Hər iki komanda əzmkarlıq göstərməyə çalışırdı.

Ümumi götürdükdə, futbolçular tələb olunan tapşırıqları yerinə yetirmək üçün əlindən gələni edirdilər.

Hücum planında meydanda istədiyimi gördüm. Biz də nöqsanlarımızı görürük, onun üzərində çalışırıq. İnanıram ki, qarşıdakı turlarda komanda qol epizodlarını dəyərləndirməyi də bacaracaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (1:1) sonra deyib.

Mütəxəssis nəticəni ədalətli hesab etdiyini bildirib: “Hər iki komanda yaxşı mübarizə apardı. Tərəflər bir-birinə layiqli müqavimət göstərdi. Düşünürəm ki, həm rəqib, həm də biz xala layiq idik”.

Baxşıyev komandasının iki fərqli hissə keçirməsinin səbəbini belə izah edib: “Tovuz səfəri çox ağır keçir. Məsafədən əlavə, qazonun süni örtüklü olmasını da unutmayaq. Bu da komandaya diskomfort yaradır. Çünki biz təbii meydançada məşq edirik. Süni qazonda çətinliklə üzləşməyimiz gözləniləndir. Yenə də komanda bu gün xarakter nümayiş etdirdi. İkinci hissədə gözlədiyimiz futbolu sərgilədi”.

“Qəbələ”nin çalışdırıcısı turnir cədvəlində növbəti dəfə “Zirə”yə çatmaq şansını əldən vermələri haqda söyləyib: “Biz də 4-cü yer uğrunda rəqabət aparırıq. Bu rəqabətə sona kimi davam gətirməliyik. Məqsədə çatmaq üçün hər rəqiblə görüşə maksimum köklənməlisən. “Qəbələ”də oyun planı, futbolçular meydanda istədiyimi verirlər, ona görə də düşünürəm ki, nəticələr yaxşılaşacaq”.

Baxşıyev Konfrans Liqasına vəsiqə üçün bütün diqqətlərini kubokuna yönəltmədiklərini bildirib: “Sırf kuboka köklənməmişik. Düzdür, kubokda mübarizəni davam etdiririk. Lakin çempionatdan da avrokuboklara vəsiqə qazana bilərik və bunun üçün çalışırıq. Bu gün sona yaxın komanda tamamilə irəli atılmışdı. Bu da qələbə istəyinin göstəricisidir”.

Mütəxəssis yaxaladıqları qol epizodlarını dəyərləndirə bilməmələrini soyuqqanlıqla əlaqələndirib: “Yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmirik. Bu, problem deyil, futbolun bir hissəsidir. Bir qədər soyuqqanlı olmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti