Azərbaycanın ən bəxtsiz futbolçusu - Günahı nədir?

6 Fevral 2023 16:00 Qəbələ 640
Azərbaycanın ən bəxtsiz futbolçusu - Günahı nədir?

«Qəbələ» yeni ilin ən yaxşı oyununu Zirədə keçirdi.

Heyətə üz vermiş itkilərin boydan olmasına baxmayaraq.

Ruan Renato ilə Murad Musayevin cəzalı duruma düşməsi, Ramon Maçadonun hələ də zədəsini sağ sağalda bilməməsi, gözləmək olardı ki, qonaqların əl-ayağını bağlayacaq.

Elmar Baxşıyev müxtəlif yerdəyişmələrlə itkiləri kompensasiya elədi. Qəşəng də oyun getdi.

«Zirə» və «Qəbələ»nin ifasında baxımlı futbol izlədik.

Məni ən çox mütəəssir edən Ülvi İsgəndərovun yenə də ehtiyatda qalmasından ruhdan düşməməsi, cəmi 30 dəqiqə şans qazanmasına rəğmən, nəticəyə təsir göstərməyə özündə güc tapmasıdır.

Qol vurmasa belə, iki gözəl ötürməylə bütün diqqətləri üzərinə çəkdi. Öncə Ömar Halimi onun pasını yaxın məsafədən boş qapının üstündən vurdu, ardınca Filipe Santosa belə bir imkan yaratdı, braziliyalı da qapıçıyla üzbəüz qaldığı epizodda topu yaxın küncə sancdı.

Sözün düzü, mən olsaydım, bu oyundan sonra formamı təhvil verib, «Qəbələ» ilə sağollaşardım. İnanmıram ki, Azərbaycanda Ülvi kimi bəxtiqara ikinci futbolçu olsun.

Hansısa ağıllı Elmar Baxşıyevin beyninə salıb ki, Ülvi əsas heyətdə yer alsa, heç nə bilməyəcək, yatıb qalacaq. Allah saxlamış, bu fikiri özü üçün kodlaşdırıb və razılaşıb.

Yəqin ki, Ülvi ilk dəqiqəsindən meydana ayaq basacağı gün qurban kəsəcək, nəzir-niyaz paylayacaq.

Qol hissiyatı bunca güclü hücumçunu belə incitmək olmaz, Yaradana da xoş gəlməz ey!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti