"Artıq bu mövsüm ən azı bir mərhələ keçmək istəyirik".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının I mərhələsində Macarıstanın "Puşkaş Akademiya"ya rəqib olmaları barədə danışarkən deyib.
Mütəxəssis çox çalışaraq məqsədlərinə çatacaqlarına inandıqlarını bildirib:
"Digər potensial komandalara baxanda Macarıstan təmsilçisini bizim üçün ən münasib rəqib saymaq olar.
Buna baxmayaraq, onlara hörmətlə yanaşırıq. Son iki mövsümdə bu turnirdə üz-üzə gəldiyimiz klublar həddindən artıq güclü idi".
Xəlilov "Puşkaş Akademiya"nın özləri kimi gənc klub olduğunu diqqətə çatdırıb:
"Onları təhlil etmək üçün kifayət qədər vaxtımız var. Artıq bizim Əvəzedicilər Liqası da bərpa edilib və orada rəqabət çox yaxşıdır.
İlk iki turdakı nəticələr bunu deməyə əsas verir. Bu da bizə yaxşı mənada təsir edir".
Mütəxəssis U-19 millisində də forma geyinən oyunçuları - Murad Musayev, Samir Ağayev və Elmir Hüseynlinin hərbi xidmətə yollandıqları üçün komandaya kömək edə bilməyəcəklərini söyləyib.
Xəlilov növbəti raunddakı potensial rəqibləri barədə hələlik danışmaq istəməyib və ilk hədəflərinin bir mərhələ adlamaq olduğunu diqqətə çatdırıb.
"Qəbələ" "Puşkaş Akademiya" ilə ilk görüşünü oktyabrın 4-də evdə keçirəcək. Cavab matçı isə oktyabrın 25-də səfərdə baş tutacaq.
Cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə görüşəcək.

