Norveçdə elə yığırlar, Azərbaycanda belə dağıdırlar

4 Mart 2020 11:48 Köşə 1 044
Norveçdə elə yığırlar, Azərbaycanda belə dağıdırlar

Futbolun inkişaf göstəricilərinə, səviyyəsinə görə Norveçlə Azərbaycanı müqayisə etmək gülüncdür.

Norveçin təbii ehtiyatları da Azərbaycandan qat-qat çoxdur. Əhalisi isə iki dəfə bizdən azdır.

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə dünyada birinci yeri tutur. Bunları sadalamaqda məqsədim nədir?

Azərbaycan yığmasının qapıçısı Emil Balayev Qazaxıstandan ayrıldıqdan sonra üz tutub Norveçə. Orta aylıq əməkhaqqının 5-7 min avro olduğu ölkədə Balayevə cəmisi 3 min avro məvacib təklif ediblər.

Təbii, bahalı bir ölkədə bu məvacib çox azdır. Elə ona görə də Balayev qayıdıb Azərbaycana. Allahın “Zirə”sində ayda 15 min manat (təxminən 7,5 min avro) məvacib alacaq.

Alsın. Balayevin digər azərbaycanlı futbolçulardan və ya ölkəmizdə qaz vurub qazan dolduran əcnəbilərdən nəyi əskikdir?

Varlı Norveç isə nəinki Balayevə, heç öz ölkəsinin oyunçularına da çox məvacib vermir. Məsələn, 20 yaşlı Erlinq Haland Dortmund “Borussiya”sında elə oyun sərgiləyir ki, Avropanın adlı-sanlı klubları onun üçün elçi daşının üstündə oturublar.

Biri də Türkiyədə - “Trabzonspor”da qan edir. Aleksander Şorlotu deyirəm.

Norveç dövlətinin pulu yoxdur ki, futbol federasiyasına ayırsın, federasiya da 10-12 klub saxlasın? Pula nə gəlib?! Azərbaycanı pulun altında saxlayar

Norveç. Amma Norveçin futbol federasiyasında korrupsionerlər oturmayıblar. Onlar dövlətin futbolun inkişafı üçün ayırdığı vəsaiti mənimsəmirlər (Norveçdə dövlət futbola vəsait də ayırmır).

Norveçdə futbolçunun yetişməsi üçün infrastruktur qurublar. Yetişdirilər və deyirlər ki, get, Avropanın futbol ölkələrində daha da inkişaf et, pul qazan.

Norveçin futbol dairələri əcnəbilərə də pul verməzlər. Onlar dövlətdən gələn vəsaiti heç bir iş görməyən, ölkənin inkişafına töhfə verməyən əcnəbilərə bəxşiş edəcək qədər əxlaqsız deyillər.

Norveçdə seçmə mərhələdə qazanılan cəmisi 1 xala görə hansısa xariciyə 1 milyon avro verən federasiya rəhbərliyini həbsxanaya salmağa lüzum olmur. Çünki Norveç futbolunda belə yaramazlar yoxdur.

Emil Balayev Avropada ala bilmədiyi məvacibdən artığını Allahın “Zirə”sində alacaq. Alsın. Onun digərlərindən nəyi əskikdir ki? Alsınlar və sərvəti belə səxavətlə paylayan federasiya rəhbərliyini tərifləsinlər. Və Norveçdə futbola ayrılan sərvəti göz bəbəyi kimi qoruyanları da lağa qoysunlar, “xəsisdirlər” desinlər.

Norveç elə-belə varlı, inkişaf etmiş futbol ölkəsi olmayıb. Norveç futbolunda varın qədrini elə bilirlər, elə yığırlar... Azərbaycanda futbol heç vaxt Norveçdəki kimi olmayacaq. Azərbaycanda bu sahəyə ayrılan vəsaiti belə dağıdırlar.

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"