AA feat RR

18 Dekabr 2021 17:00 Köşə 1 687
AA feat RR

Əvvəl qoyduğum başlığa aydınlıq gətirim, sonra keçim haqqında söz açmaq istədiyim mövzuya.

Feat sözünə mütləq ki, rast gəlmisiz. Əsasən iki müğənninin, yaxud repçinin adları yanaşı qoyulanda, “feat”dən birləşdirici söz kimi istifadə olunur.

Yazı başlığından çox avtomobil nömrəsinə yaraşan AA və RR abbreviaturalarının açması da olduqca sadədir. Biri Ayxan Abbasovdur, o biri Riad Rəfiyev.

Ayrı-ayrılıqda nəyə qadir olduqlarını, birinin digərindən nə dərəcədə xoşlandığını, kimin harda səhvə yol verdiyini təhlil etmək bundan sonra artıqdır. Adamların yolları rəsmən ayrılıbsa, danışmağın nə mənası?

Amma fakt faktlığında qalır ki, bu duet Sumqayıt futbol tarixinin ən uğurlu prezident-məşqçi ikilisi idi. Razıyam, sənaye şəhərindən neçə-neçə ünlü məşqçi və futbolçular çıxıb, “Xəzər”i, “Gənclərbirliyi” 10 minləri stadionlara axışmağa məcbur edib.

Daha əvvəlki kimi futbolçu yetişdirməyən (bəzi istisnalar var) şəhərin komandasına hansı məşqçi bürünc medal qazandırmışdı?

ansı biri “gənclik şəhəri”nə iki dəfə ölkə kubokunun final həyəcanını yaşatmışdı?

Hansı biri ardıcıl iki mövsüm Avropadakı rəqibləri Sumqayıtda yerli komanda ilə hesablaşmağa məcbur etmişdi?

Bernard Raab, Aqil Məmmədov, yoxsa Samir Abasov? Bəlkə Nazim Süleymanov? Heç biri!

Abbasov bunu məşqçi kimi bacardı, Rəfiyev də prezidenti kimi uğurlarda pay sahibi olduğunu qabartmağı haqq edir.

Legionerlərə Azərbaycan pasportu verib, hər imkanda “ancaq azərbaycanlılarla oynayırıq” deməklə rəqiblərdə qıcıq doğursalar da, məhdud büdcə ilə hədəfə çatmağı bacarmışdılar.

Bəs, Ayxan bəy “Sumqayıt”dan niyə getdi? Nə baş verdi?

Bu gedişin təməl indi yox, ötən mövsüm qoyulmuşdu. Ayxan Abbasov “Qarabağ”la oyundan sonrakı mətbuat konfransında Qurban Qurbanovun “payını verməyə” çalışanda, jurnalistlərlə sual-sual oyunu oynayanda.

Və təbii ki, yayda komandanın gücləndirilməsinə nail ola bilməyəndə. Dağınıq yolların uçuruma doğru apardığı hiss görünürdü.

Ayxan Abbasovun məşqçi bacarığına, eləcə də insani keyfiyyətlərinə şübhə etmirəm. Lakin bəzən ayaqlarımızın qarşısını görmədiyimiz günlər çıxır qarşımıza.

Bax, həmin anlarda diqqətli, səbrli və təvazökar davranmağı bacarmalıyıq. Bunu bacarmayanda isə bir də ayılırıq ki, min zəhmətlə tikdiyimiz bina özümüz də bilmədiyimiz səbəbdən dağılıb. “Sumqayıt” mifi dağılan kimi.

Abbasov bacarıqlı mütəxəssisdir. Nə olsa da, bundan sonra çalışdığı komanda(lar)da uğur qazanacağına inanıram. Vay “Sumqayıt”ın halına!

HƏBİB

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!