“Zirə”nin ümidi lap Allaha qalıb - İndi də “Qəbələ”nin haqqı yeyildi…

26 Fevral 02:50 Qəbələ 1 504
“Zirə”nin ümidi lap Allaha qalıb - İndi də “Qəbələ”nin haqqı yeyildi…

Təəssüf ki, “Qarabağ”ın Avropada uğurlu çıxışı ilə futbolumuza diqqətin artmasına şərait yarandığı vaxtda yerli çempionatda problemlər davam etməkdədir.

Bu dəfə “Kəpəz”lə “Qəbələ” arasında dünən keçirilən oyunda Qəbələ klubunun təmiz penaltisinin verilməməsi haqlı narazılıqlara səbəb olub.

AFFA-da oturub hakimlərə təlimat, yaxud göstəriş verən cənab(lar) hər kimdirsə, olmayan vicdanını qarşısına qoyub dərk etməlidir ki, səhv bir dəfə olar, iki dəfə olar, üç dəfə olar, dörd dəfə olar, cəhənnəm, on, iyirmi dəfə olar…

Yoxsa hər tur birbaşa nəticəyə təsir edən hakim səhvləri baş verir. Nə müəmmadırsa, hətta bizdəki VAR sistemi belə, bu səhvlər qarşında “aciz qalır”.

VAR-a cavabdeh olan Hakimlər Komitəsinin sədri Barış Şimşək bəzi ciddi səhvlərin olduğunu qəbul edir. Amma təəccüblüdür ki, növbəti turlarda, nəticəyə birbaşa təsir edən səhvlər təkrarlanır. Bunu təsadüf adlandırmaq olmaz.

Elə bir tur yoxdur ki, hansısa komandanın haqqına girilməsin. “Zirə”nin ümidi isə lap Allaha qalıb. O dərəcədə ki, Rəşad Sadıqov əsəbindən, bir az da zarafata salıb deyir ki, bu səhvlərin cavabını hakimlər axirətdə verəcəklər.

İndi də “Qəbələ”nin hamının gördüyü, amma bir tək hakimlərin “görmədiyi” penaltisi verilmir. Yekun nəticədə Premyer Liqada qalmaq üçün mübarizə aparan və onsuz da çətin durumda olan komanda uduzur. Penalti epizoduna isə hakim Həmzəzadə susur, VAR-da oturanlar susur. Zərbə isə “Qəbələ”yə dəyir…

“Qəbələ”yə, çempionatımıza və Azərbaycan futboluna.

Bəs, bu davamlı problemlərdən çıxış yolu varmı?Əlbəttə, var.

Ümid ancaq AFFA-ya mart ayında keçirilməsi gözlənilən prezident seçkisinədir. Ümid edirik, futbolumuzun rəhbərliyinə, AFFA-nın İcraiyyə Komitəsinə yeni simalar gələcək. Və yalnız o yeni simalar sayəsində futbolumuz onu sağalmaz virusa yoluxdurmuş parazit çetesindən xilas olacaq.

Yoxsa, necə deyərlər, yenə köhnə hamam, köhnə tas olacaq…

Aydın Bağırov

(Feysbuk paylaşımı)

Digər Xəbərlər
Xəbər Lenti