Bakının ümidlərini doğrulda bilməyən əfsanəvi futbolçu – Uğurlu futbol karyerası, uğursuz həyat hekayəsi

21 Sentyabr 2020 18:34 Azərbaycan Futbolu 620
Bakının ümidlərini doğrulda bilməyən əfsanəvi futbolçu – Uğurlu futbol karyerası, uğursuz həyat hekayəsi

SSRİ-nin əfsanəvi futbolçularından biri sayılan İqor Netto idman karyerasında bütün zirvələri fəth etməyi bacarsa da, milyonların sevimlisinə çevrilsə də, şəxsi həyatında uğur qazana bilməyib.

Yaşıl futbol meydançasından fərqli olaraq, onun həyat meydançasına payız erkən gələrək, məşhur idmançının həyatına uğursuzluq gətirib.

Əməkdar idman ustası, əməkdar məşqçi, Avropa, Olimpiya və SSRİ çempionu, “Spartak”ın və SSRİ yığmasının kapitanı, “Lenin” ordeni mükafatçısı İqor Nettonun adı Azərbaycanda da tanınıb. O, 1979-cu ildə “Neftçi” komandasının baş məşqçisi olub.

1930-cu ildə Moskvada anadan olan İqor Nettonun atası italyan əsilli olub. Hələ sovet hakimiyyəti qurulmamışdan əvvəl o, Rusiyaya köçüb, inqilabi proseslərdə iştirak edib, anası isə Estoniyadan Moskvaya köçüb. Leninlə şəxsi tanışlığı olan Yuliya Vilhelemovna yeni yaradılmış hökumətin xarici işlər komissarlığının kargüzarlığında çalışıb.

Onlar ailədə iki qardaş olublar. Böyük qardaşı Lev məktəbli yaşlarından idmanla məşğul olub, İqor Nettonun da idmana, xüsusilə, futbol və xokkeyə maraq göstərməsində qardaşının böyük rol oynayıb.
Müharibə illərində məktəbli İqor Pionerlər Evinin idman seksiyasına yazılıb. Az müddətdə idmanın bir çox növləri üzrə yüksək göstəricilərə nail olan İqor Netto məşqçilər tərəfindən idmanın digər sahələrinə dəvət alsa da, o, futbolu seçib.

5318285.jpg (144 KB)

İqor Netto hələ yeniyetməlik yaşlarından “Dinamo” futbol klubunun üzvü olmağı arzulayıb, bu komandada oynamaq istəyib. Amma “Spartak” digər komandaları qabaqlayaraq onu, özünün gənclər klubuna dəvət edib.
İqor Nettonun “Spartak”a gəlişi komandanın gələcək uğurlarında böyük rol oynayıb. Artıq o, 1952-ci ildə bu komandanın kapitanı olub. Dövrün tanınmış idman şərhçiləri “Spartak”ın uğurlarının başlanğıcını məhz onun adı ilə bağlayıblar.

Sözsüz ki, İqor Nettonun peşəkarlığı SSRİ yığmasının diqqətindən kənarda qalmayıb və o, 1952-ci ildə yığma komandaya dəvət olunub. SSRİ yığmasında İqor Netto ilk böyük uğurunu 1956-cı ildə Melburnda keçirilən olimpiya oyunlarında qazanıb. SSRİ yığması finalda Yuqoslaviya futbolçuları ilə görüşərək, qələbə qazanıb. Bu oyunlardan sonra İqor Netto SSRİ-nin ən yüksək dövlət mükafatlarından biri sayılan “Lenin” ordeni ilə təltif olunub.

netto3-768x493.jpg (108 KB)

1960-cı ildə Avropa çempionu titulunu qazanan İqor Netto bir-birinin ardınca böyük qələbələrə imza ataraq ən populyar futbol ulduzlarından birinə çevrilib.

İdman sahəsindəki uğurları onun şəxsi həyatına da sirayət edib. Şəhərin mərkəzində mənzil, növbədənkənar şəxsi avtomobil, xarici ölkələrdə istirahət, digər imtiyaz və güzəştlər içində olan İqor Netto ailə həyatı qurmağa tələsməyib. Qısa müddətli görüşlər, əyləncələr evlənməyi arxa plana çəkib.
Nəhayət, əyləncəli toplantıların birində əyalət teatrında aktrisa olan Olqa Yakovleva ilə təsadüfi görüşü İqor Nettonun şəxsi həyatını dəyişdirib. Tanışlıqdan bir-neçə ay sonra onlar rəsmi nikaha giriblər. İqor Nettonun anası oğlunun Olqa Yakovleva ilə evlənməyinə razılıq verməyib. Buna baxmayaraq, cütlük öz qərarından dönməyib. Anası da sona qədər bu qərarla razılaşmayaraq, oğlunun toyunda iştirak etməyib.

43614794_2193340427545155_4991919318523445248_n.jpg (59 KB)

Cütlük ailə qurduqdan sonra İqor Nettonun köməkliyi ilə Olqa Yakovleva Moskvada Lenin Komsomolu adına teatrda aktrisa kimi fəaliyyətini davam etdirib. O, qısa müddətdə bu teatrda məşhurlaşıb. Bunun səbəbi isə teatrın rəhbəri, rejissor Anatoli Efrosun ona göstərdiyi xüsusi qayğı olub. Aktrisa ilə rejissorun arasındakı yaxınlıq o həddə çatıb ki, Olqa Yakovleva Efrosi yaşadığı mənzilə gətirərək, saatlarla məşq adı ilə birlikdə qalıblar.

İqor Netto bu münasibətlərin və bu “məşq”lərin əsl adını bilib, həyat yoldaşının ona xəyanət etdiyini anlayıb. Amma hansısa səbəbdən, yaxud da, bəlkə onu çox sevdiyindən susmağa üstünlük verib.
Əlbəttə, şəxsi həyatında baş verən bu cür hadisələr İqor Nettonun ruh düşkünlüyünə səbəb olub. 1966-cı ildə isə futbol karyerasına son qoyması İqor Nettoya daha bir travma bəxş edib.

Digər futbolçular kimi İqor Netto da sonuncu oyunundan sonra məşqçilik karyerasına başlamağa qərar verib. Amma bu da sirr deyil ki, hər yaxşı futbolçu heç də yaxşı məşqçi ola bilmir.
Kiprdə, İranda, Afinada, Moskvada ayrı-ayrı komandalarda məşqçi kimi fəaliyyət göstərən İqor Netto heç bir klubla bir ildən artıq işləyə bilməyib. Elə 1979-cu ildə “Neftçi” komandasına baş məşqçi təyin ediləndə də o, Bakıda yalnız bir mövsüm çalışa bilib və Bakının ümidlərini doğrulda bilməyib.
İqor Netto 1980-ci illərdə böyük idman səhnəsini birdəfəlik tərk edib. Həmin ərəfədə ki, həyat yoldaşı Olqa Yakovleva günü-gündən məşhurlaşırmış. Bir mənzildə qonaq kimi yaşayan cütlük bir neçə dəfə ayrılmaqlarını müzakirə ediblər. Nəhayət, 1987-ci ildə cütlüyün rəsmi olaraq nikahı pozulub. Ayrılmalarına baxmayaraq, onlar eyni mənzildə yaşayıblar.

1990-cı ildə İqor Nettonun səhhətində ciddi problemlər yaranıb. O, tam yaddaş pozğunluğundan (Altsheymer xəstəliyi) şikayətlənib. Bu xəstəlikdən sonra Olqa Yakovleva İqor Nettonun qardaşına zəng vuraraq onu aparmağı xahiş edib. Əks təqdirdə İqor Nettonu xüsusi təyinatlı müalicə müəssisəsinə verəcəyini bildirib. Lev Netto qardaşını öz mənzilinə aparıb. Bir ildən sonra veteran spartakçıların köməkliyi ilə İqor Nettoya Moskvanın ən ucqar rayonlarının birində birotqalı mənzil verilib.

800px-Игорь_Нетто_1.jpg (148 KB)

Ömrünün son illərini xəstəliklər içərisində keçirən İqor Netto son günlərinədək idman tədbirlərində iştirak edib, Moskvada keçirilən futbol oyunlarını canlı seyr etməkdən yorulmayıb. Yaddaş problemi yaranana qədər o, “Bu futboldur” adlı kitabı da yazıb.

İqor Netto 1999-cu ildə, 69 yaşında vəfat edib. O, Moskvada, Vaqankovo qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"