"Zirə"nin kapitanı Cavid Hüseynov Sportinfo.az saytınaa müsahibə verib.
- "Qarabağ"la görüşdə "Zirə" bir xal qazana bildi. Bu nəticəyə görə yəqin ki, sevinirsiz?
- Sevinirik deyəndə ki, “Qarabağ”ın nəticələri, oyunu göz qabağındadır. Bu cür komanda ilə heç-heçə bizim üçün qənaətbəxşdir.
- "Qarabağ"dan bir xal alan komandalar qələbə qazanırmış kimi sevinir. Ağdam klubu bu dərəcədə güclüdür?
- Xeyr, biz bunu qələbə kimi qeyd etmədik. Atəşfəşanlıq filan olmadı (gülür). İstənilən halda xal qazandığımıza görə şad olduq.
- "Qarabağ"la oyunda qazanılan 1 xal komandanız üçün böyük motivasiya olacaqmı?
- İnanmaq istərdim ki, "Qarabağ"dan aldığımız 1 xal qış fasiləsinə kimi son üç oyunda bizə yaxşı motivasiya verəcək. Çünki günü-gündən gecikirik. Bura qədər itirdiyimiz xallara görə çox üzgünük.
- Zaur Həşimov komandada nələri dəyişə bilib?
- Görünür, Zaur Həşimov "Zirə"də nəyisə dəyişib. Bunu istər futbolçular, istərsə də kənardan baxanlar da görə bilər.
- Qışa kimi hələ üç tur qalıb. "Keşlə", "Qəbələ" və "Səbail"ə qalib gələ biləcəksiniz?
- Hər üç oyunda 3 xal qazanmağa çalışacağıq. Əgər maksimum nəticə əldə etməsək, turnir cədvəlində geriyə düşə bilərik. Hər şeyi yaxşı başa düşürük.
- Milli komandamızı qarşıda Uels və Slovakiyaya qarşı oyunlar gözləyir. Həmin matçlar haqqında fikirlərini eşirmək maraqlı olardı.
- İnanıram ki Uelslə evdəki oyunda yaxşı nəticə qazana biləcəyik. İnşallah hər şey düşündüyümüz, inandığımız kimi olar. Uelslə görüşdən sonra Slovakiyayla oyun haqda düşünmək olar. Əsas odur ki, nəticə qazanaq.
- Millimiz hələ ki 1 xal toplayıb. Seçmə mərhələni 1 xalla başa vura bilərik. Bu sizdə hər hansı gərginlik yaratmır?
- Qarşıdakı oyunların necə keçəcəyini demək çətindir. Sadəcə son iki oyunda yaxşı nəticə əldə etmək istəyirik. Xala görə demirəm, bir, ya üç xal. Bunlar arasında böyük fərq yoxdur. Qarşıdakı iki oyunda toplayacağımız xallar bizim üçün heç nəyi dəyişməyəcək. Doğma azarkeşlər önündə, Uelslə görüşdə azarkeşləri sevindirmək istəyirik.
Mirbağır CƏFƏRLİ