Azərbaycan futbolunda yaddaşlarda xoş xatirələr buraxmış legionerlərdən biri də Fabio Luis Ramimdir.
2005-ci ildə ölkəmizə gələrək “MKT Araz”la müqavilə bağlayan, sonradan “Olimpik”lə “Bakı”nın şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi Azərbaycan millisində meydana çıxdığı 16 oyunda vurduğu 4 qolla özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı.
Fabio 10 ildir Azərbaycanı tərk edib. Buna baxmayaraq, ölkəmizin futbolunda baş verənləri diqqətdə saxlayır, imkan düşdükcə oyunları izləyir.
42 yaşlı mütəxəssisin Azərbaycana xüsusi sevgisini nəzərə alıb, onunla bir çox mövzular ətrafında söhbətləşdik.
(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/174251.htm // https://www.sportinfo.az/idman_xeberleri/musahibe/174409.html)
.- Kadi Borges haqqında eşitmisiz?
- “Qarabağ”dan “Krasnodar”a transfer olunan Borges?
- Bəli-bəli. “Qarabağ” qışda onu fantastik qiymətə - 5 milyon avroya satdı.
- Xəbərim var. Həqiqətən çox keyfiyyətli futbolçudur. “Qarabağ”ın oyunlarına baxanda diqqətimi çəkmişdi. Sol ayağı ilə möhtəşəm işlər görürdü, öldürücü zərbələri var. Niyə soruşduz ki?
- “Qarabağ” braziliyalı istedadları əsasən Portuqaliya bazarından tapır. Maraqlıdır, onları birbaşa Braziliyadan gətirmək olmaz? Bu, tək “Qarabağ”a yox, “Neftçi”ylə “Sabah”a da aiddir.
- Dəqiq səbəbini bilmirəm, amma yenə də öz fikrimi deyəcəm. Braziliyada istedadlı oyunçuların sayı çoxdur və onlar hər zaman Avropa klublarından maraq gözləyir. Hətta say o qədər çoxdur ki, bəziləri bir müddət oynayıb, maraqlı təklif almayan kimi gənc yaşda karyerasını başa vurur. Baxın, təkcə mənim yaşadığım San Paulo ştatında 4 divizion və 160-dan çox klub var. Məsələ bilirsiz nədir? Azərbaycan klubları Braziliyanın aşağı liqalarından futbolçu gətirmək istəmir və ya nəyə görəsə alınmır. Portuqaliyanın yüksək və ya birinci liqasının adı Braziliyalının üçüncü, dördüncü liqasından samballıdır. Halbuki, sonradan Portuqaliyada oynayan futbolçular Braziliyanın ştat birinciliklərindən tapılıb.
- Niyə bizimkilər aşağı liqa dediyiniz çempionatlardan tapıb gətirə bilmir?
- Baxın, Portuqaliya klubları, ya da skautları Braziliyanın bütün liqalarını diqqətdə saxlayır. Həm məsafə yaxındır, həm dil problemi yoxdur, həm də onlar üçün iş görmək rahatdır. Ona görə də diqqətdə saxladıqları 10 futbolçudan 5-nə sahib olub, sonradan ondan fayda götürməyi bacarırlar. “Qarabağ” kimi klub üçün bunu etmək çətindir. Gərək burada klubun öz adamı, skautu olsun ki, ilboyu Qurban Qurbanova məlumatlar göndərsin, futbolçuları iş başında izləsin. Amma Portuqaliyadan tapmaq asandır. Çünki onlar Braziliyadan seçilmiş və Avropada müəyyən təcrtübə toplayanlardır. Riçard Almeyda, Kadi Borges, Julio Romao – bu futbolçuların hər biri Braziliyanın aşağı dəstələrindən Portuqaliyaya, ordan da Azərbaycana yollanıb. Bir şeyi də deyim
- Buyurun.
- Əksər klublar birbaşa Braziliyadan futbolçu gətirməkdən ehtiyatlanır. Ola bilsin, oyunçu istedadlıdır, inanılmaz göstəricilərə sahibdir. Lakin Braziliyadan birbaşa Avropaya gedib, getdiyi ölkəyə nə dərəcədə uyğunlaşa biləcəyinə heç kim zəmanət vermir. Adi misal götürək. Son illər Azərbaycana neçə braziliyalı gəlib? Onlardan neçəsi uğurlu olub və neçəsi çox keçmədən oranı tərk edib? Çünki, hər braziliyalı futbolçu Azərbaycana və Premyer Liqaya uyğunlaşa bilmir. Futbolçu bacarığından başqa xarakter məsələsi də var.
- Səhv etmirəmsə, o vaxt siz Braziliyadan birbaşa Azərbaycana gəlmişdiz.
- Bəli, aşağı liqa təmsilçisi “Linense”dən ayrılıb, Premyer Liqa klubu olan “MKT Araz”la anlaşmışdım. “Linense” bilirsiz harda oynayırdı? San Paulo ştatının dördüncü divizionunda. Bu qərar istər karyeram, istərsə də həyatımı qurmaq baxımından yaxşı mənada dəyişikliyə gətirib çıxarmışdı. Braziliyada qalsaydım, kim bilir, hansı səviyyəyə qədər gedəcəkdim. Azərbaycan kimi ölkələrə gedib, yüksək dəstədə oynamaq istənilən oyunçu üçün əla imkandır. Ancaq hər futbolçu bu şansdan yararlana bilmir axı. Bəlkə də mənim yerimdə başqası olsaydı, Azərbaycanda çox qalmazdı, tez geri qayıdardı.
- Niyə? Xoşagəlməz hadisələrlə qarşılaşmışdız?
- 15-20 il əvvəl Azərbaycandakı stadionlar yəqin ki, yadınızdadır. “Bakı”yla yeni müqavilə bağlamışdıq və səfər oyunu üçün Qəbələyə yollanmışdıq. Bilirəm, Qəbələdəki hazırkı şərait ən yaxşılardandır. Lakin komanda elitaya yeni yüksələndə yararsız meydanda oynayırdı. Təsəvvür edin, “Bakı”nın ağ-göy rəngli forması ilə meydana çıxmışdım, matç başa çatandan sonra formada ağ rəng tapa bilməmişdim. Qəhvəyi rəngə boyanmışdım. Çünki, otda yox, qumun üstündə oynamışdıq. O cür sahədə futbol göstərə bilməmək bir dərd, həmin vəziyyətə düşmək iki dərd. Razıyam, indi bu cür problemlər yoxdur. Amma başqa nöqsanlar olur və heç də bütün futbolçular sınaqdan üzüağ çıxa bilmir. Mən Azərbaycan klubları və millisi üçün canımdan keçməyə hazır idim. Ona görə ki, futbolçu kimi böyümək üçün əlimə yaxşı şans düşmüşdü və bundan maksimum yararlanmağa çalışırdım. Başa düşürdüm ki, problem həmişə olmur, bu gün var, sabah yoxdur.
HƏBİB / SPORTİNFO.AZ

