Azərbaycan futbolunda yaddaşlarda xoş xatirələr buraxmış legionerlərdən biri də Fabio Luis Ramimdir.
2005-ci ildə ölkəmizə gələrək “MKT Araz”la müqavilə bağlayan, sonradan “Olimpik”lə “Bakı”nın şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi Azərbaycan millisində meydana çıxdığı 16 oyunda vurduğu 4 qolla özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı.
Fabio 10 ildir Azərbaycanı tərk edib. Buna baxmayaraq, ölkəmizin futbolunda baş verənləri diqqətdə saxlayır, imkan düşdükcə oyunları izləyir.
42 yaşlı mütəxəssisin Azərbaycana xüsusi sevgisini nəzərə alıb, onunla bir çox mövzular ətrafında söhbətləşdik.
- Necəsiz? İşləriniz necə gedir?
- Evin yaxınlığındayam, itimlə gəzirəm. Azərbaycanla saat fərqimiz var. Sizdə günorta saat 3-dür, bizdə isə səhər indi açılıb, saat 8-dir. Yatmaq həvəskarı deyiləm. Axşam tez yatıram, səhər 7-də oyanıram. Sağlam həyatı sevirəm. Gəzirəm, gündəlik planımı tərtib edirəm.
- Məşqçiliklə məşğulsunuz deyəsən.
- Bəli, artıq 5 ildir bu sənətdəyəm. San Paulo ştatında “İnter” klubunun U-20 komandasına rəhbərlik edirəm. Ştat birinciliyində iştirak edirdik, hazırda mövsümlərarası fasilə dönəmidir.
- Hansı lisenziyaya sahibsiz?
- B kateqoriyam var, Allahın izni ilə bu ilin dekabrında A lisenziyası kurslarında iştirak edəcəm.
- Əlaqələriniz kifayət qədər genişdir. Nə əcəb menecerliyi yox, məşqçiliyi seçdiz?
- Açığı, futbolçu karyeramı başa vurandan sonra menecerliyə başlamışdım. Çox keçmədən başa düşdüm ki, bu iş mənlik deyil. Agent sənəti elədir ki, daim səfərlərdə olmalısan, futbolçuları izləməli, danışıqlar prosesinə yollanmalısan. Həm də, mən yaşıl meydanı sevirəm. Meydandan kənarda qalanda özümü narahat hiss edirəm. Sanki nəsə çatmır. Ona görə də məşqçiliyi seçdim.
- Necə başladız?
- Kurslara qatılanda azyaşlıları məşq etdirməliydim. Məşqə çıxdım, gördüm ki, ürəyimcədir. Özüm 4 övlad atası olduğum üçün uşaqlarla çalışmaq mənə maraqlı gəldi. Bir müddət onlarla işləyəndən sonra yuxarı yaş qrupları ilə davam etdim. Özümü bu sənətdə olduqca rahat hiss edirəm. Məşqçilik əsl mənim xarakterim üçündür.
- Azərbaycan futbolu ilə maraqlanırsız?
- Maraqlanıram deyəndə ki, inanmıram hansısa hadisədən xəbərsiz olum. Bilirsiz, 8 il Azərbaycanda yaşayandan sonra Braziliyaya qayıtmışdıq və heç cür bura alışa bilmirdik. Sanki Bakıda anadan olmuşuq, orada böyümüşük. Bu gün də ən böyük arzum nə vaxtsa Azərbaycana qayıtmaq, məşqçilik karyeramı orada davam etdirməkdir. Evimizdə Azərbaycan bayraqları asılıb, millidə geyindiyim formalarla bəzəmişik. Uşaqlarımıza da Azərbaycan haqda danışırıq, şəkilləri, videoları göstəririk. Hətta nə vaxtsa böyük məşqçi olsam belə, Braziliyada yox, Azərbaycanda işləmək istəyirəm.
- Səbəb nədir?
- Xüsusi səbəbi yoxdur. Sadəcə, Azərbaycanda yaşamaq, Azərbaycan futboluna kömək etmək istəyirəm. Bu gün gənclərlə lazımi təcrübəyə sahibəm. Lakin məşqçi kimi böyümək üçün daha çox öyrənməliyəm, püxtələşməliyəm.
- Vaxtilə şərəfini qoruduğun Azərbaycan millisinin nəticələrindən xəbəriniz var?
- Estoniya ilə 1:1 başa çatan sonuncu görüşün icmalına baxdım. Tək bu dəfə deyil, hər zaman izləyirəm. Seçmə mərhələ oyunları olanda dərhal Azərbaycan yığması ilə maraqlanıram.
- Berti Foqtsun dönəmində Azərbaycan seçməsinin şərəfini qorumusuz. Foqtsdan sonra Robert Prosineçki ilə Nikola Yurçeviç gəlib-getdi. 3 ildir “sükan” Canni de Byazinin əlindədir. Vaxtilə futbol oynayan, hazırda məşqçilik edən biri kimi fikrinizi eşitmək maraqlıdır. Bu gün Azərbaycan millisində əcnəbi çalışdırıcıya ehtiyac var?
- Razılaşaq ki, son illər Azərbaycanın ən güclü məşqçisi Qurban Qurbanovdur. Onun ölkə futbolu üçün etdiklərini sadalamağa gərək yoxdur. Hər kəs bundan xəbərdardır. Artıq Rəşad Sadıqov da məşqçiliyə başlayıb. Düzdür, komandasının oyunlarını izləyə bilmirəm. Ona görə də oynatdığı futboldan xəbərsizəm. Lakin artıq qısa müddətdə “Zirə”ni avrokuboklara daşımağı bacarıb (2021-2022 mövsümünü nəzərdə tutur – H.). Elmar Baxşıyev də “Qəbələ”də çox gözəl işlər görür. Azərbaycan kubokunun finalında “Neftçi” kimi rəqibi məğlub etməyi bacardılar. Birlikdə çıxış etdiyimiz dönəmdə onun insan kimi necə biri olduğunu görmüşdüm. Sadəliyi və çalışqanlığı bu gün ona fayda verməkdədir. Mənə görə Azərbaycan yığmasında bu 3 nəfərdən biri çalışmalıdır. Bunların hər biri həm futbolu yaxşı bilir, həm psixologiyanı, həm yerli mentaliteti, həm də xarakter sahibidir. Üstəlik, fərqli məşqçilərlə çalışmaqla böyük təcrübəyə sahib olublar. Yox, adlarını çəkdiklərimin heç biri millidə olmaq istəmirsə, fikrimcə, ən yaxşı variant elə əcnəbi məşqçidir. Lakin mənə görə əsas problem məşqçinin kimliyi deyil.
- Bəs, nədir?
- Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq istəməməsi və ya buna həvəs göstərməməsi. Azərbaycan çempionatında oynamaqla Avropanın aparıcı milliləri ilə ayaqlaşmaq mümkün deyil. Çünki, Avropa ölkələrinin çempionatlarında futbol təfəkkürü, işə yanaşma, sürət, düşüncə tam fərqlidir. Çox demirəm, 8-10 nəfər normal çempionatlarda oynasa, görün, Azərbaycan seçməsi necə təsir bağışlayacaq.
- Milli üçün Qurban Qurbanovun adını çəkdiz. Bu şəxs 2018-ci ildə milliyə rəhbərlik edirdi, lakin AFFA-dakılar imkan vermədilər. 1 ildən sonra min bir bəhanələrlə yığmadan uzaqlaşdırdılar.
- Yadımdadır. Amma o dönəmdə Qurban Qurbanov məsələsindəki vəziyyət fərqli idi.
- Nə mənada?
- (davamı olacaq)
HƏBİB / SPORTİNFO.AZ

