“Qurban Qurbanovun problem onda idi ki…” – İNANILMAZ AÇIQLAMALAR!

30 İyun 2023 21:20 Müsahibə 4 198
“Qurban Qurbanovun problem onda idi ki…” – İNANILMAZ AÇIQLAMALAR!

Azərbaycan futbolunda yaddaşlarda xoş xatirələr buraxmış legionerlərdən biri də Fabio Luis Ramimdir.

2005-ci ildə ölkəmizə gələrək “MKT Araz”la müqavilə bağlayan, sonradan “Olimpik”lə “Bakı”nın şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi Azərbaycan millisində meydana çıxdığı 16 oyunda vurduğu 4 qolla özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı.

Fabio 10 ildir Azərbaycanı tərk edib. Buna baxmayaraq, ölkəmizin futbolunda baş verənləri diqqətdə saxlayır, imkan düşdükcə oyunları izləyir.

42 yaşlı mütəxəssisin Azərbaycana xüsusi sevgisini nəzərə alıb, onunla bir çox mövzular ətrafında söhbətləşdik.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/174251.html)

- Nə mənada?

- Qurban Qurbanovun problemi onda idi, o, həm millidə, həm də “Qarabağ”da çalışırdı. Bu, bəlkə də kənarda asan görünür. Lakin heç də belə deyil. Özüm məşqçilik edirəm, işin çətinliyini görürəm. “Qarabağ”ın yükü ağırdır. Təsəvvür edin, komanda 2-3 cəbhədə mübarizə aparır. Uğur qazanmaq üçün seleksiya işlərinə nəzarət etməlidir, rəqibləri incələməlidir, kollektivdəki ümumi vəziyyəti nəzarətdə saxlamalıdır, maraq dairəsində olan futbolçuları izləməlidir. “Qarabağ”da görməli olduğu bu qədər iş varkən, bir də yığma komandada baş məşqçilik etmək və uğur qazanmaq asan iş deyil. Qurbanovun Azərbaycan futbolu adına “Qarabağ”da gördüyü işlər inanılmaz dərəcədə möhtəşəmdir. Əminəm ki, sırf millidə işləsə və yalnız ora fokuslansa, Azərbaycan seçməsi böyük nailiyyətlər əldə edər. Bir söz də deyim, bu, çox vacibdir.

- Buyurun...

- Millidə uğur qazanmaq üçün əlinin altında keyfiyyətli futbolçular da olmalıdır. Baxın, “Qarabağ” 9 ildir çempion olur, hər il avrokubokların qrup mərhələsində oynayır, son illər qrup səddini aşır. Səmimi olaq, uğurlarda legionerlərin payı nə qədərdir? Həddən artıq çoxdur, deyilmi? Əcnəbi futbolçular “Qarabağ”a böyük fayda verir. Yığmada isə vəziyyət fərqlidir. Azərbaycanlı futbolçuların xidmətindən yararlanmaqla qısa müddətdə uğurlu nəticələrə imza atmaq çətindir. Estoniya ilə oyuna baxdım. Bilirsiz nə gördüm?

- Nə?

- Azərbaycan millisində lider yoxdur. Razıyam, hərənin özünə görə bacarığı var. Amma çətin anda məsuliyyəti üzərinə götürən, məğlub durumda komandanı toparlayan futbolçu lazımdır. Böyük ölkələrdə belə, komandanın 2-3 lideri var. Onlar çətin anlarda səhnəyə çıxır. Milli mövzusu çox çətin və dərindir, saatlarla danışa bilərik.

- 15-20 il əvvəlki çempionatlarımızı və futbolçularımızı xatırlayırsız yəqin. Sizcə, o vaxtkı nəsil güclü idi, yoxsa indiki?

- O vaxt çempionat indikindən çətin və maraqlı idi. Adi fakt deyim, çempionluq uğrunda neçə komanda mübarizə aparırdı? 4-5, bəlkə də 6-7. Son 10 ildəki vəziyyət necədir? “Qarabağ” hegemonluq edir və heç bir komanda onlara yaxın dura bilmir. Bütün rəqiblərindən 2-3 baş üstündür.

- Mən futbolçuların keyfiyyətini nəzərdə tuturam.

- Bilirəm. Mən də onu demək istəyirəm. Çempionatın səviyyəsi aşağı düşübsə, yəni, çempionluq uğrunda azı 3-4 komanda mübarizə apara bilmirsə, deməli, digər komandalardakı futbolçuların səviyyəsi istənilən səviyyədə deyil. 2005-ci ildə mən Azərbaycana gələndə daha çox texnikalı futbol sərgilənirdi. İndi “fizika” əsas yer tutur, şərait qat-qat yaxşılaşıb. Ancaq yenə də bu fikirdəyəm ki, 15-20 il əvvəlki futbolçular daha güclü və bacarıqlı idi.

- Vaxtilə çempionluqları sıralayan və hər bir futbolçunun heyətində yer almaq istədiyi “Neftçi”nin bugünkü durumundan xəbərdarsız yəqin.

- Bilirəm, görürəm. Baş məşqçini göndərdilər, lakin hələ də yeni məşqçi gətirməyiblər. “Neftçi”nin ən problemli yeri klubun strategiyasının və planının olmamasıdır. Bu cür böyük klublarda strategiya və ruh olmalıdır. Məsələn, baş məşqçi seçəndə, onun “Neftçi”nin adına uyğun olub-olmadığına diqqət yetirilməlidir. “Neftçi”nin ən parlaq dönəmi yadımdadır, baş məşqçi Böyükağa Hacıyev idi. Adamın özündə qalib ruhu var idi, texniki zonada, mətbuat konfranslarında bir dəqiqə sakit dayanmırdı, daim hərəkətdə idi. Və komandaya cəlb etdiyi futbolçular özünün xarakterinə uyğun idi. Flavinyo, Kanales...

- Erik Ramos, Culius Vobay, Saşa Stamenkoviç, Bahodir Nasimov, İqor Mitreski, Rəşad Abdullayev, Rəşad Sadiqov, Mahir Şükürov...

- Tamamilə doğrudur. Bu futbolçuların hər birinin oyunu və xaratkeri indiyə qədər gözlərimin qarşısındadır. Əsl döyüşçülər idi, təslim olmurdular. “Neftçi”yə hər futbolçunu və ya məşqçini götürmək olmaz. O futbolçu, məşqçidə mütləq “Neftçi” ruhu, xarakteri olmalıdır. Mənə görə “Neftçi”də texnikalı, topla rəftarı bacaran futbolçular yer almalıdır. Azərbaycana ilk gəldiyim dönəmdə “Neftçi”nin heyətindəki futbolçuları görüb heyrətlənmişdim. Mahmud Qurbanov, Tomislav Mişura, Branimir Subaşiç, Aleksandr Çertoqanov, Vadim Vasilyev, Zaur Tağızadə... Bu oyunçular komandanın özəyi və siması idi. Onlara qarşı mübarizə aparmaq çox çətin idi. Hərəsinin özünə görə özəlliyi vardı – biri texnikalı idi, o biri sürətli, bir başqası döyüşürdü. İndiki “Neftçi”yə baxıram, adlarını çəkdiklərim futbolçuların heç birinin oxşarı yoxdur. Sanki məğlubiyyətlə barışıblar, sanki hara gəldiklərinin fərqində deyillər.

- Vaxtilə çiyin-çiyinə oynadığınız futbolçularla əlaqəniz qalıb?

- Əlbəttə. Bəziləri ilə mütəmadi danışıram. Usim Nduka, Junivan Suares, Saşa Yunisoğlu, Ernad Skuliç – bunlarla daim əlaqədəyəm. Düzdür, əvvəlki qədər vaxtım olmur. Amma yenə də hal-əhval tuturuq.

- Kadi Borges haqqında eşitmisən?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA