Sadıq Sadıqovdan ŞOK AÇIQLAMA: "Biz “Neftçi”dən ayrılandan bir həftə sonra ...”

26 Yanvar 2023 20:00 Müsahibə 1 212
Sadıq Sadıqovdan ŞOK AÇIQLAMA: "Biz “Neftçi”dən ayrılandan bir həftə sonra ...”

“Neftçi”dən gedişi gözlənilməz olmuşdu.

Komandanın daxili və xarici arenalarda uğurlu çıxış etdiyi dönəmdə klubdakı struktur dəyişikliyindən sonra prezident postu ləğv olunmuş, əsas səlahiyyət yeni yaradılan Müşahidə Şurasına verilmişdi.

Sadıq Sadıqov bir müddət şuranın üzvlərindən olsa da, “Neftçi”də çox qalmamışdı.

Cüdo Federasiyasında 6 il vitse-prezident vəzifəsini icra etdi, indi isə “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəridir.

“Neftçi”dən ayrılandan sonra, lap dəqiq desəm, son 8 ildə Sadıqovu danışdırmaq istəsəm də, işlərinin çoxluğu, bəzən də futbol mövzusunda danışmaq istəməməsi müsahibənin baş tutmasını əngəlləyirdi.

Nəhayət, alındı. Söhbətləşmək üçün iş kabinetinə təklif etdi və 1 saatlıq müsahibədə təkcə futboldan yox, cüdodan və digər idman növlərindəki fəaliyyətindən söz açdıq.

(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/161252.html // https://www.sportinfo.az/idman_xeberleri/musahibe/161332.html)

- “Neftçi”dən ayrılmağınızın üstündən 8 il keçir. Amma azarkeşlər hələ də sizi xatırlayır, sosial şəbəkələrdə haqqınızda xoş sözlər yazırlar. Oxuyursunuz, görürsünüz yəqin.

- Hər birinə dərin təşəkkürümü bildirirəm. Nə etmişiksə, azarkeşlərimiz üçün etmişik. Ola bilsin “Neftçi” bu gün çempionluqdan bir qədər uzaq düşüb, ola bilsin avrokuboklardakı nəticələr tam ürəkləri istəyən kimi deyil. Amma üzülməsinlər, yenə sevimli komandalarının yanında olsunlar. Mütləq ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Müvəqqəti çətinlikdir, bu gün alınmırsa, sabah alınacaq. Bunun üçünsə azarkeşlər sevimli komandalarına dəstək verməlidir. Dediyim kimi, “Neftçi” mənim üçün dəyişməz addır. Fürsətdən istifadə edib komandaya çempionatda və ölkə kubokunda, ardınca da avrokuboklarda uğurlar arzulayıram. İnşallah, bu mövsümü titulla başa vurub azarkeşləri sevindirərlər.

- Siz “Neftçi”ni tərk edəndən sonra Emil Mpenza məsələsi gündəmə gəlmişdi. Ki, sizdən sonrakı rəhbərliyə borc qoyub getmisiz, onlar köhnə borcları bağlayır və s. və i. Deyilən kimiydi?

- Yadımdadır, həmin vaxt bizi qınayırdılar. Mpenza kimi dünya şöhrətli futbolçunu Azərbaycana gətirdik, oynadı, qollar vurdu, hansısa mənada komandaya köməyi dəydi. Antalyadakı qış toplanışı üçün ona bilet alınmışdı. Gəlib komandaya qoşulmalı, hamı kimi çempionata hazırlaşmalıydı. Amma gəlmədi. Biz də onunla bağlı FİFA-ya şikayət etdik ki, bəs, futbolçu üzrlü səbəb göstərmədən düşərgəyə gəlməyib.

- Amma yekunda qalib gələn tərəf Mpenza oldu, deyilmi?

- O vaxt rəhmətlik Böyükağa Hacıyev müsahibələrinin birində demişdi ki, Mpenza komandaya qoşulmur, bizə belə oyunçu lazım deyil-filan. Və kimsə fürsətdən istifadə edib. bunu əlində bayraq tutdu və baş məşqçinin futbolçunu istəmədiyini ortaya atdı. Halbuki, “Neftçi” Böyükağa Hacıyevin, yaxud Sadıq Sadıqovun adına bağlı deyildi. Bu cür məsələlərdə kiminsə müsahibədə nə deməsi yox, rəsmi sənədlər və faktlar əsas tutulmalıdır.

- Başa düşürəm, doğru buyurursuz. Axı, sonda qərar Emilin xeyrinə verildi.

- Deməli, Mpenza ilə qalmaqallı məsələ xeyli vaxt aldı. “Neftçi”də işlədiyimiz son 3 ildə FİFA-dan hansısa göstəriş, tapşırıq, yaxud cəza-cərimə mərktubu gəlməmişdi. Biz klubdan ayrılandan bir həftə sonra bu məsələ qalxdı.

- Həqiqətən sizdən sonrakı rəhbərliyin üstündə borc qoyub getmişdiniz?

- Nə borc ola bilərdi ki? Bu gün mən “Neftçi İK”ya rəhbərlik edirəm və sabah işdən çıxıram. Tutaq ki, cəmiyyətimizdə 1000-dən artıq insan çalışır və deyək ki, aylıq maaş 225 min manat təşkil edir. Bunu bənzətmə üçün deyirəm. Hə, sabah işdən çıxıram və məvaciblər də verilməyib. Belədə borc qoyub getmiş oluram? Gərək pul hesaba köçürülsün ki, insanlar əmək haqqını ala bilsin. Biz klubdan ayrılan vaxt maaşlarda bir həftəlik gecikmə olmuşdu və belədə işçilərin məvacibləri bir neçə gün sonra ödənmişdi. Borc başqadı, yubanma başqa. Borc qoyub getmişdiksə, bəs, problem necə həll olundu? Kimsə cibindən gətirib qoymadı ki. Mpenza məsələsinə gəlincə, bir şeyi də deyim.

- Buyurun.

- Klubdan ayrılmağımıza baxmayaraq, o vaxtkı vitse-prezident Tahir Süleymanov məsələni qarşı tərəflə həll etməyə hazır idi. Dedi, göndərin məni, gedib lazım olan sənədləri və faktları ortaya qoyub, qayıdım. Çünki Mpenza kluba bizim dönəmdə gəlmişdi və əlimizdəki əsaslarla qalib gələcəyimizə əmin idik. Səhv etmirəmsə, Tahir müəllim bu sözü mətbuata açıqlamasında da demişdi. İstəmədilər və sonradan o cür vəziyyət yarandı. Mən heç kimin üstündə borc qoyub getməmişəm. Borc başqa şeydir, klubun öhdəlikləri başqa.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti