UEFA-nın futbol siyasəti və “Qarabağ”a 1 dəqiqəlik sükut qadağası

15 Sentyabr 2022 21:00 Gündəm 972
UEFA-nın futbol siyasəti və “Qarabağ”a 1 dəqiqəlik sükut qadağası

Bu ilin əvvəlində, konkret olaraq fevral ayında FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırdığını elan etdi.

Dərhal da bildirildi ki, Rusiya yığması 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.

Eyni zamanda Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində (!) Almaniya “Leyptsiq”i ilə qarşılaşmalarda iştirakdan məhrum edildi və Bundesliqa təmsilçisi rusiyalılarla oynamadan növbəti mərhələyə yüksəldi.

Rusiya millisinin Moskvada Polşa seçməsinə qarşı dünya çempionatının pley-off matçının da üstündən qara xətt çəkildi.

Hətta Rusiyanın qadınlardan ibarət milli komandasına belə, rəm etmədilər. İyulun 6-dan 31-dək İngiltərədə təşkil olunacaq Avropa çempionatında iştirak etməkdən məhrum olundu rusiyalı qadın futbolçular.

UEFA hətta Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 1/4 final mərhələsinin bütün iştirakçı komandalarına Rusiya və Ukrayna çempionatlarındakı futbolçularını qeydiyyatdan keçirmək qadağası qoydu bir aralar. Legionerlər də unudulmadı!

Bütün bu qərarlar ona görə qəbul olundu ki, Rusiya Ukrayna ərazilərinə təcavüz edib. Rusiyanın işğalçılıq siyasətini birmənalı olaraq rədd edirik və buna qarşı çıxırdı.

Soydaşlarımız Ukrayna uğrunda həlak olurlar, dövlətimiz dost ölkəyə humanitar dəstək göstərir, ədalətin bərqərar olması üçün çalışır.

Bunlar hər kəsə məlumdur. Amma FİFİA və UEFA-nın dərhal savaşa heç bir aidiyyatı olmayan futbolçuları sanksiyaya məruz qoyması, yarışlardan uzaqlaşdırılmaları bəlkə də insafsız qərar idi. Amma dünyanın aparıcı futbol qurumları buna getdilər!

Amma baxın, UEFA “Qarabağ”ın Avropa Liqasında “Nant”a qarşı keçirəcəyi oyundan öncə son döyüşlərdə şəhid olan hərbçilərimizin bir dəqiqəlik sükutla yad edilməsi xahişinə perativ şəkildə “YOX” cavabı verdi! O, Rusiya-Ukrayna savaşındakı operativlik, bu da Azərbaycan-Ermənistan müharibəsindəki…

“Qarabağ”ın Baş meneceri Asif Əsgərov da məlumatı təsdiqləyib. “Bəlli olduğu kimi, oyundan öncə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya müraciət etmişdik.

Lakin UEFA cavab olaraq bildirdi ki, bu, futbolla əlaqəli məsələ olmadığı üçün icazə verə bilmərik”.

Arqumentə baxın, “futbolla əlaqəsi yoxmuş”. Bəs, Rusiya-Ukrayna döyüşlərinin futbolla nə qədər əlaqəsi varmış, buna cavab verən yoxdur. Bütün dünya “Qarabağ”ın 30 il ərzində qaçqın-köçkün ömrü yaşadığını, Ermənistanın işğalı nəticəsində bu komandanın öz meydançasında oynamaqdan məhrum edildiyini yaxşı bilir. “Qarabağ”ın ilk baş məşqçisi Allahverdi Bağırov da erməni terrorunun qurbanı olub və məzarı on illərlə işğal altında qalıb. Bu faktın da futbola aidiyyatı yoxdur, ay UEFA?! “Qarabağ” klubu olmazın məhrumiyyətlərlə bu zirvəyə yüksəlib, “ruhlar şəhəri”nə çevrilmiş Ağdamı olmaya-olmaya. Nə vaxt bu komandanın haqqını tanıdınız, dediniz? Əksinə, hər zaman haqqını yediniz, yeyilməsinə göz yumdunuz!

Elə bundan əvvəlki oyunda Almaniyanın “Frayburq” klubuna uduzdurdular “Qarabağ”ı, VAR-a nəzarət edən var-yoxsuz fransız hakimlərin sayəsində! Bu ilin mayında Qurban Qurbanov İbrahima Vadjiyin Fransanın “Marsel” klubuna vurduğu qolu ləğv etdirdi. Əllə vurulduğu üçün! Heç UEFA-nın hər oyunda xatirəsini andığı Maradona belə, əliylə vurduğu qolun sayılmamasını hakimdən xahiş etməmişdi. “Qarabağ” belə komandadır, Qurban belə baş məşqçidir! Kişi komanda, kişi məşqçi!”

Maraqlıdır, Fransanın “Nant” klubunda kimsə yoxdurmu ki, marsellilərə qarşı ədalətli davranışın qarşılığında sayğılı davranacaqlarmı? Çətin. “Nant” komandasının baş məşqçisi Antuan Kombuare “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında belə deyib.“Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

Düşüncəyə, yanaşmaya baxın: “ölkədəki vəziyyətə görə”. Bircə kəlmə oynayacağı komandanın ağrısını bölüşməyə də lüzum görməyib fransız klubunun məşqçisi. Qurban Qurbanov belə davranmazdı.

Anlayırıq, söhbət fransız klublarından gedir. O Fransa ki, onun lideri Ermənistana “bacımız” deyir, elə son döyüşlərin ardınca BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı cəza mexanizminin işə salınması barədə canfəşanlığa başladı. Dünya birliyinin Qarabağ məsələsində hansı mövqedə olduğunu 30 ildə görmüşük. Odur ki, “Qarabağ”a qarşı ədalətsiz davranışlar da təəccübləndirmir. Amma qəzəblənirik istər-istəməz. Bu qədər də olmaz axı! UEFA hansısa sənədə istinad edir guya. BMT qətnamələri də sənəd idi, Ermənistan ayaqaltı elədi 30 il ərzində, dünyanın bir təşkilatından qınaq görmədi. Yaxud “Qarabağ”ın oyunlarında azmı olub erməni təxribatları törədilib, “sArsax” rejimin əski parçasını hətta dronla stadionun üstünə qaldırıblar. UEFA ermənilərə qarşı cəza tətbiq etmədi, bəlkə “sArsax” futbola aid imiş?

Beləcə, UEFA təkcə Azərbaycanı təcavüzdən qorumayan, həm də dünyanı terrorçulardan xilas edən, faşist Njdenin dəstəsinə qarşı mübarizə apararkən həlak olan 71 gəncin xatirəsinin anılmasına izn vermədi! Cəmi 1 dəqiqəlik sükut istəyirdi “Qarabağ”, onu da çox gördülər! 30 il ərzində bir qarış torpağımızın qaytarılmasına vəsilə olmayan Avropa qurumlarından daha birinin ədalətsizliyini gördük. Olsun! Qoy tarix qarşısında utansınlar!

Amma ruhdan düşməməliyik, nə komanda, nə millət olaraq! “Qarabağ” şəhidlərimizin xatirəsinə ən böyük sayğını elə özünün möhtəşəm oyunu ilə göstərə bilər! Həm də qələbəsiylə!

Vaxtilə möhtəşəm qərarı ilə tarix yazmış Tofiq Bayramovun adına olan stadiondakı azarkeşlər bir nəfər kimi AYAĞA QALXIB, ŞƏHİDLƏRİMİZİN İŞIQLI XATİRƏSİNİ YAD EDƏ BİLƏR! Qoy UEFA daxil, bütün dünya görsün ki, Qarabağı döyüşüb, azad edən Azərbaycanın vətəndaşları şəhidlərinin xatirəsini də nəyin bahasına olursa-olsun, əziz tutur, hansısa qadağa, kağız parçası sayğı duruşuna mane ola bilməz! Bizə 1 dəqiqəlik sayğı duruşunu çox görənlərə dərs verək, 15 sentyabr saat 20.45-də!

Elşad Paşasoy

Digər Xəbərlər
Xəbər Lenti