"Qarşımıza konkret tapşırıq qoyulub" - MİLLİNİN KAPİTANI

23 Yanvar 00:42 Futzal 503
"Qarşımıza konkret tapşırıq qoyulub" - MİLLİNİN KAPİTANI

Yanvarın 18-dən etibarən təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən Azərbaycan millisi əsasən fiziki çalışmalara üstünlük verir.

Sportinfo.az xəbər verir ki, 11 aydan sonra idman zalında 3 məşq keçən yığmamız yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq.

Hazırlıqla bağlı açıqlama verən millinin kapitanı Rizvan Fərzəliyev qarşıya konkret məqsədin qoyulduğunu bildirdi: “Toplanışımız davam edir. Fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalar edirik.

Əhval-ruhiyyə yaxşıdır. Çoxdan idi zalda məşq etmirdik, yenidən sevimli məkanımıza dönməyimiz komanda üzvlərini sevindirməyə bilməzdi. Qarşıda bizi qrup liderliyinə iddialı Slovakiya ilə ağır oyun gözləyir.

Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq qarşımıza konkret tapşırıq qoyulub. Biz bu qrupdan qalib kimi final mərhələsinə vəsiqə qazanmalıyıq. Bilirəm, uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq.

İdmançı həyatı elədir ki, gərək məşqləri fasiləsiz, daimi edəsən. Amma mövcud vəziyyətlə əlaqədar zallar bağlandı və biz ən yaxşı halda açıq havada məşq etməklə formamızı qorumağa çalışdıq. Süni örtüklə parketi isə müqayisə etmək olmaz”.

Təcrübəli futzalçı çətinliklərdən də danışıb, komandanın oyuna hazır olacağına inandığını vurğuladı: “Müəyyən çətinliyimiz var. İlk növbədə zala uyğunlaşmağa çalışırıq.

11 ay az müddət deyil. Yanvarın 29-na qədər isə bu və digər çatışmazlığı aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram. Bu bir həftədən maksimum yararlanmalıyıq”.

Xəbər Lenti