"Qrupa düşməyimizi kiçiltmək, adiləşdirmək lazım deyil" - KAPİTAN

13 Dekabr 2019 01:10 Avropa Liqası 1 101
"Qrupa düşməyimizi kiçiltmək, adiləşdirmək lazım deyil" - KAPİTAN

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin son turunda "Düdelanj"la 1:1 hesablı heç-heçədən sonra Sportinfo.az-ın suallarını cavablandırıb. O, əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

- Oyun istədiyimiz kimi başlamadı. Rəqibin həm sistemi, həm də oyun üslubu gözlənilməz oldu. 5-3-2 sistemi ilə oynayacaqlarını və pressinq edəcəklərini gözləmirdik. Amma təcrübəli komandayıq, belə şeylərə hazır olmalıyıq. Təəssüf ki, bu gün hazır deyildik. Bəzi məqamlarda rəqib bizə oynamağa imkan vermədi. İlk hissədən sonra məşqçimiz bizi sərt şəkildə tənqid etdi ki, daha sürətli oynayaq, topa sahib olaq. İkinci hissə başlayan kimi azlıqda qaldıq, bundan sonra isə qol buraxdıq. Amma komanda əzmkarlıq göstərdi. Hətta məğlub olsaydıq belə, eyni sözləri deyəcəkdim. Sona qədər mübarizə apardıq. Bir neçə qol epizodumuz oldu. İstifadə edə bilmədik. Şükürlər olsun ki, son dəqiqələrdə hesabı bərabərləşdirdik və qrupu məğlubiyyətlə başa vurmadıq.

- Bu oyun formal xarakter daşıyırdı. Motivasiya baxımından bunun təsiri oldumu?

- Həqiqətən səbəblər çoxdur. Tək o deyil. Üst-üstə gəlsək, komanda qış fasiləsinə qədər 30-a yaxın oyun keçirir. Milli üzvlərinin oyunlarını da nəzərə alsaq, 33-34 matç edir. Komanda çox yorğundur. Motivasiya baxımından da çətin idi. Böyük zərbələr almışdıq. Qrupdan çıxacağımıza ümidli idik. Hətta oyunöncəsi isinmə hərəkətlərindən sonra Qurban müəllim bizi tənqid etdi ki, xoşuma gəlmədiz. Hamı səbəbini bilir. Qol buraxandan sonra sanki komanda ayıldı. Göstərdik ki, məğlub olmaq istəmirik. Fərqi yoxdur, "Qarabağ"ın formasında meydana çıxdığımız hər bir oyuna ciddi yanaşmalı və canımızı meydanda qoymalıyıq.

- Səncə, "Qarabağ"ın qrupda tutduğu yer gücünə uyğundur, yoxsa bəxtiniz gətirmədi?

- Qrup bilinəndə mənim üçün APOEL-lə güc nisbəti bərabər idi. Amma aramızda oyunlar göstərdi ki, biz onlardan qat-qat üstün oynadıq. Açıqlamalarına fikir verirsizsə, onların özlərində də şübhə var ki, "Qarabağ" bizi keçməli idi. Bizim üstün olduğumuzu hamı gördü. Təəssüf ki, səfərdəki oyunda qol imkanlarından istifadə edə bilmədik. 1:0-dan sonra heç olmasa birini vursaydıq, bugünkü oyun artıq formallıq daşıyacaqdı. Amma alınmadı. Bu hallarla çox qarşılaşmışıq. Yadınızdadırsa, Çempionlar Liqasının II təsnifat mərhələsini keçdikdən sonra həmişə yaxşı oynayırdıq, sonda nəsə çatmırdı. Sonra elə oldu ki, o sindromu qırdıq. Səbrli olmaq lazımdır. Böyük uğurlar səbr və zəhmət tələb edir. Qarşıdakı mövsümlərə hazırlaşmaq lazımdır. Məncə, qrupa düşməyi bu qədər kiçiltmək, adiləşdirmək lazım deyil. Vaxt var idi, bunları sadəcə, arzu edirdik. Bəli, bu il yaxşı şansımız var idi. Oyun baxımından da yaxşı təsir bağışladıq. Ancaq sonda nəticə istədiyimiz kimi olmadı.

- APOEL evdə "Sevilya"ya qalib gəldi...

- Düzü, xəbərim yoxdur. APOEL zəif rəqib deyil. Sadəcə, biz hər iki oyunda onları çox üstələdik. Təəssüflər olsun ki, ən azı birində qələbə qazana bilmədik.

- Yadımdadır, təxminən 3 ay əvvəl qrup mərhələsi başlamamış bildirmişdin ki, "Sevilya"nı çıxmaq şərtilə güclər bərabərdir, nəhayət, bu dəfə qrupdan çıxmalıyıq.

- Çıxmalıyıq?

- Bəli.

- Mən həyatımboyu belə açıqlama verməmişəm. Özümdən əməinəm. Çünki öz mentalitetimi bilirəm. Heç vaxt deyə bilmərəm ki, qrupdan çıxmalıyıq. Çalışacağıq, cəhd edəcəyik, demişəm. Futbolda əvvəlcdən proqnoz vermək mümkün deyil. Bu gün "Düdelanj"a da uduza bilərdik. Səfərdə APOEL-i udmuşdular. Evdə də kiprlilərə qarşı yaxşı oynamışdılar. APOEL-lə bizim oyunlarda qırılma nöqtələri çox oldu. 1:0-dan sonra 57-ci dəqiqədə real qol epizodları yaxaladıq. Vura bilmədik. Onlar isə 58-ci dəqiqədə künc zərbəsindən fərqləndilər. Bir epizod çox şeyi həll edə bilərdi. Təəssüf ki, bizim xeyirimizə olmadı. Deməli, bir az da çox çalışmaq lazımdır. Amma yenə deyirəm, qrupa düşməyimizi adiləşdirmək lazım deyil. İstəmərəm ki, gələcəkdə qrupa düşmək yenə bizim üçün xəyal olsun. Bu, həqiqətən də çətin bir şeydir. 4 tur keçirsən. Arzu edərdim ki, hər bir qrupumuz heç olmasa qrupa düşsün. Orada hətta qələbənin belə arzusunda idik. Bilirəm, qrupdan çıxmağımızı hamı istəyirdi. Tənqidləri normal qarşılayıram. Səhv, məğlubiyyət varsa, tənqid olacaq. Ancaq bəzi şeyləri də unutmaq lazım deyil. Mənə görə Azərbaycan klubunun Avroliqanın qrupunda oynaması uğurdur. Bunu hər zaman deyəcəm. Hətta çempionatda hansısa rəqib komanda qrupa düşsə də, eyni fikirdə olacam.

- Qrupdan çıxmağa heyətiniz nə dərəcədə mane oldu?

- Bilmirsən, heyətdən danışasan, yoxsa nədən. Məncə, əsas səbəb qol imkanlarından istifadə etməməyimiz oldu. Eizodları yığsaq, 6 oyunda 100 faizlik 22-23 qol imkanımız olub.

- Heyətin neçə faizi dəyişməlidir ki, komanda növbəti mövsümdə də avrokubokların qrupunda mübarizə aparsın?

- Bu mövsüm qrupa düşmüşüksə, orada yaxşı oyun nümayiş etdirmişiksə, hazırkı heyəti də uğurlu hesab edirəm. Adam istəyər ki, hər il 2-3 yeni futbolçu, yeni nəfəs gəlsin. Çünki bir yerdə qaldıqca hərşey çətinləşir. Məsələn, Qvardiola 5 il "Barselona"d, 3 il "Bavariya"da işlədi, dedi ki, bəsdir, çox olmaz. Bu cür dəyişikliklər komandanın xeyirinə olur. Düşünürəm ki, imkan olsa, məşqçilər heyətimiz qışda və ya yayda heyətlə bağlı bu dəyişiklikləri edəcəklər.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti