"Məni narahat edən odur ki..." - QURBAN QURBANOV

27 Noyabr 2019 21:58 Avropa Liqası 1 239
"Məni narahat edən odur ki..." - QURBAN QURBANOV

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunun "Sevilya" ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Sportinfo.az-ın Sevilyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, əvvəlcə sabahkı matçla bağlı fikirlərini bölüşən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Yaxşı komandaya qarşı oynayacağıq. Hansı ki, artıq pley-off-a vəsiqəni təmin edib. Biz hər oyuna ciddi yanaşmışıq. Çatışmayan cəhətlərimizi görməyə çalışmışıq. Sabah böyük komandaya qarşı oynayacağıq. 90 dəqiqə mübarizə aparmağa çalışacağıq.

- Maksim Medvedvin durumu nə yerdədir?

- Maksimin durumu pis deyil. Oynama ehtimalı çoxdur.

- İspaniyaya ikinci dəfə gəlirsiz. "Atletiko" ilə "Sevilya" nə ilə fərqlənir?

- 2 il əvvəl Madrid səfərindən uğurlu nəticə əldə etmişdik. "Sevilya" ilə "Atletiko" fərqli komandalardır. Hər bir halda çox istərdik ki, meydanda yaxşı mübarizə aparıb, intizamlı oyun göstərək.

- "Sevilya" artıq növbəti mərhələni təmin edib. Bu, sizin üçün oyunu asanlaşdırmır?

- "Sevilya" tək-tük komandalardandır ki, belə şeylər haqda düşünmür. Hər oyunda maksimum pressinq edir. Biz bunu Bakıda da gördük. Sona kimi oyuna nəzarət etmək istəyirdilər. Bugünkü açıqlamalarından da görürəm ki, sabah hücum etmək istəyirlər. Mənim düşündüklərimlə üst-üstə düşdü. Bu komanda heyətdən asılı olmayaraq, 90 dəqiqə dinamik futbol oynamağa çalışır.

- "Qarabağ" burdan sərfəli nəticə ilə qayıtmaq üçün necə oynamalıdır?

- Bizim öz oyun üslubumuz var. Bundan əl çəkməməyə çalışırıq və istənilən rəqibə qarşı göstəririk. Bəzən rəqiblər fərqli olur. Bu komandaya qarşı maksimum dərəcədə az boşluqlar verməliyik. Çünki yaradıcı oyunçuları çoxdur. Uğurlu nəticə qazanmaq istərdik. Amma hazırda bizim üçün əsas olan rəqibi düzgün analiz etməkdir. Sabah düzgün oynasaq, istəyimizə nail ola bilərik.

- Burdakı oyun Bakıdakından nə ilə fərqlənəcək?

- Həqiqəti deməliyik. Bu komanda istənilən rəqibə qarşı dominantlıq etməyə çalışır. İstənilən rəqibi müdafiə olunmağa məcbur edir.

- "Sumqayıt"la oyundan sonra taktiki dəyişiklik olacaq?

- Ola bilər ki, dəyişiklik olsun. Heyətə gəldikdə, Dani və Mahir zədədən qayıdıblar. Amma optimal formalarından uzaqdırlar. İstənilən halda yaxşı oyun göstərməyə çalışacağıq.

- Bu gün sizi narahat edən nədir?

- Məni narahat edən ciddi bir şey yoxdur. Sadəcə, ona görə narahatam ki, bəzi futbolçuların optimal formalarından uzaqdır. Bu da fərqli səbərlərdən olur. Bəzən zədəyə, bəzən də sıx qrafikə görə olub. Amma bu gün bu haqda yox, oyun haqda düşünürəm.

Digər Xəbərlər
Xəbər Lenti