7 saatlıq uçuş, nikbin "Qarabağ", isti və yağışlı Sevilya

27 Noyabr 2019 13:20 Avropa Liqası 911
7 saatlıq uçuş, nikbin "Qarabağ", isti və yağışlı Sevilya

Bakı vaxtı ilə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanından Sevilyaya yola düşdük. "Qarabağ" klubunun üzvləri ilə birlikdə səfərə 26 nəfərlik media nümayəndəsi də yollanırdı. Yerlərimizi yenicə tutmuşduq ki, əvvəlcə komandanın kapitanı Rəşad Sadıqov jurnalistlərə yaxınlaşıb, hamı ilə bir-bir görüşdü. Daha sonra isə eyni hərəkəti "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və klubun vitse-prezidenti Tahir Gözəl təkrarladı. Beləliklə 7 saatlıq uçuş başladı.

Nikbin "Qarabağ"

Sabah "Qarabağ"ı "Ramon Sançes Pisxuan"da olduqca vacib qarşılaşma gözləyir. Ağdam klubu çətin səfərdən ən azı 1 xalla qayıtmalıdır ki, növbəti mərhələ şanslarını saxlasın. Təbii ki, bunun üçün APOEL də "Düdelanj"la səfər oyununda xal itirməlidir. Matçın önəminə baxmayaraq, "Qarabağ"ın futbolçularında hər hansı gərginlik və narahatlıq hiss olunmurdu. Əksinə, komanda üzvləri çox nikbin görünürdü. 7 saatlıq uçuş müddətində Qara Qarayevin, xüsusilə Rəşad Sadıqovun jurnalistlərlə səmimi münasibəti diqqətdən yayınmadı. Media nümayəndələri ilə birlikdə təxminən 2 saat ayaqüstü söhbət edən kapitan nələrdən danışmadı ki... Son turda "Sumqayıt"a uduzduqları səfər oyununun müzakirəsindən tutmuş DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə Bakıdakı görüşündə (1:1) Aleksandr Səmədovla maraqlı dialoquna kimi hər şeyi xatırladı.

Sevilya bizi isti qarşıladı

Uzun və yorucu uçuşdan sonra bizi gətirən təyyarə Bakı vaxtı ilə 23:00-da (Sevilya vaxtı ilə 20:00) Sevilya hava limanına eniş etdi. Şəhər bizi isti qarşıladı. Axşam saatları olmasına baxmayaraq, Sevilyada havanın temperaturu müsbət 18-20 dərəcə idi. Yoxlanışdan sonra jurnalistlər üçün ayrılmış xüsusi avtobusa minib 3 gecə qalacağımız "Novotel" otelinə yollandıq. Otelə yerləşdikdən sonra qaldığımız yerlə qiyabi tanışlıq üçün küçəyə çıxdıq. Yeri gəlmişkən, matçın keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionu oteldən təxminən 200 metr məsafədə yerləşir. Qaldığımız otağın pəncərəsi birbaşa arenaya açılır. Axşam saatlarında artıq Sevilyada yağış başlamışdı. Maraqlıdır ki, yerli vaxtla saat hələ 22:00-ı göstərsə də, böyük marketlər, bəzi ticarət mərkəzləri bağlanmışdı. Diqqətimizi çəkən məqamlardan biri də o oldu ki, yuxarıda göstərilən saatdan sonra marketlərdə spirtli içki satışı dayandırılır. Yerli əhali ingilis dilini yaxşı bilmədiyindən xanım satıcının ispanca bunu bizə başa salması bir qədər vaxt aldı.

Elnur SALAHOV - Sevilya

Digər Xəbərlər
Xəbər Lenti