"Sabahkı oyunla bağlı nikbinəm. Düşünürəm ki, APOEL "Qarabağ"ı məğlub edəcək. Oyun çətin keçəcək. Çünki futbolda asan matç yoxdur. Əgər oynayırsızsa, qalib gəlməlisiniz. İnanıram ki, komanda qələbə üçün bütün gücü ilə mübarizə aparacaq. Hesabın 2:0 APOEL-in xeyirinə olacağını proqnozlaşdırıram".
Sportinfo.az xəbər verir ki, bu sözləri APOEL-in sabiq kapitanı, klub tarixinin ən yaxşı hücumçularından biri Andreas Stiliani yerli mətbuata açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunda Nikosiyada "Qarabağ"la keçiriləcək oyun haqda danışan veteran futbolçu sabahkı matçın keçmiş komandası üçün dönüş nöqtəsi olacağını düşünür:
"Əminəm ki, bu komanda tezliklə uğur qazanacaq. İndiyə qədər öz oyunumuzu tapa bilməmişik. Amma heyətdə bir neçə yaxşı futbolçumuz var. Ümid edirəm ki, onlar APOEL-i vəziyyətdən çıxaracaq və məhz "Qarabağ"la oyun komandamız üçün dönüş nöqtəsi olacaq".
Stiliani yerli media tərəfindən tənqid olunan APOEL-in almaniyalı çalışdırıcısı Tomas Dollu müdafiə edib. O, təcrübəli məşqçiyə inandığını bildirib: "Doll APOEL-in sükanı arxasında ilk oyundaca "Qarabağ"ı udanda çox sevinmişdim. Bu, GSP stadionundakı məğlubiyyətdən sonra əsl qəhrəmanlıq idi. Açığı, heç kim bu cür geridönüş gözləmirdi. Məşqçi ilk aylardakı işi ilə yaxşı mütəxəssis olduğunu göstərdi. Amma sonradan problemlər baş qaldırdı.
Hacilukasın onun köməkçisi olacağını eşidəndə sevindim. Komandada yerli mütəxəssis də olmalıdır. Dollun onu istəyib-istəməməsi isə kluba aid məsələdir. Hacilukas Kipr futbolunun reallıqlarını yaxşı bilir. O, Dollun yerinə göz dikməyəcək".
Veteran hücumçu APOEL azarkeşlərinin doğma komandalarının oyununa az maraq göstərməsi məsələsinə də toxunub: "Fanatların olmaması komandanın oyununa böyük təsir göstərir. Cəmi 3000 nəfərin qarşısında oynayacaqlar? Bu, sadəcə günahdır. Fanatlarımızı sevirik. Onlar stadiona qayıtmalıdırlar. Çünki bu, komanda üçün vacibdir. Əlbəttə, hər klubda onun imicinə kölgə salan azarkeşlər olur. Amma onlar başa düşməlidirlər ki, komanda ardıcıl 7 ildir avrokubokların iştirakçısıdır. Avropada ən yaxşı 8 komanda arasına yüksəlib. Daha nə istəyirik? Biz "Barselona" və ya "Real" deyilik".

