"APOEL-i səfərdə məğlub etmək mümkündür" - QARA QARAYEV

24 Oktyabr 2019 23:56 Avropa Liqası 871
"APOEL-i səfərdə məğlub etmək mümkündür" - QARA QARAYEV

“Azarkeşlərə təşəkkür edirik. Əllərində Azərbaycan bayraqları ilə bizi mübarizəyə ruhlandırdılar. Bu oyunda komandamız barədə müsbət çox amil var. Ümumi olaraq, matç bizim əlimizdə idi. Heç gözləmədiyimiz halda, qapımızda iki qol gördük. Üç xala daha çox layiq idik. Azarkeşlərimizi evlərinə xalsız yola salmadıq. Qrupda bir xal da vacibdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib. 27 yaşlı yarımmüdafiəçi Kipr klubunu səfərdə məğlub etməyin mümkün olduğunu söyləyib:

"APOEL-i səfərdə məğlub etmək mümkündür. “Qarabağ” istənilən nəticəni qazana bilər. Qrupda aşkar favorit “Sevilya”dır, ancaq digər komandaları məğlub edə bilərik. Bu gün də qələbəyə yaxın idik, ancaq alınmadı. Səfər oyununa hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq. Qalib gələcəyimizi indidən demək çətindir. Bunun üçün çalışacağıq”.

Qara artıq sıx qrafikə öyrəşdiklərini bildirib: “Artıq sıx qrafikə öyrəşmişik. Komanda bu çətin vəzifənin öhdəsindən gələ bilər. Edəcək nəsə yoxdur. Meydana çıxıb, oynamalıyıq. Bizim üçün yaxşı və çətin təcrübə olacaq. Amma çətinliyi düşünməməliyik. Bunu futbolçu fikirləşsə, psixoloji cəhətdən zərbə ala bilər. Belə şeyi düşünməməliyik. Meydana mübarizə aparmağa çıxmalıyıq. Bizim işimiz budur. Hamı ilə oynayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti