"Qarabağ"ın müdafiəçisi Ailton Silva Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL-lə oyunundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Ağdam klubunun ikinci, görüşdə isə sonuncu qolun müəllifi olan braziliyalı futbolçu əvvəlcə 2:2 hesablı heç-heçəni şərh edib.
- Çətin oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Ümid edirəm ki, cavab oyununda da xal qazanacağıq. Heç-heçəni pis nəticə saymaq olmaz.
- İkinci hissədə hesab bərabərləşdikdən sonra 3-cü qolu vumaq üçün yaxşı imkanlarınız oldu. Bunun üçün nə çatmadı?
- Biz əlimizdən gələni etdik. Özünüz də gördüz ki, rəqib necə qapanmışdı. Müdafiəni yarmaq asan deyildi. Əsas odur ki, cəhd etdik. Futbolda həmişə istədiyin olmur. Buna görə üzülməyə dəyməz.
- Hər iki qolda səhviniz var idi. Bərabərlik topunu siz vurduz. Bir daha təsdiqləndi ki, hücumda daha məhsuldarsız...
- Meydandasansa, səhv etməyin bəzən qaçılmaz olur. Təbii ki, etməməlisən. Hər zaman istədiyin kimi oynamaq olmur. Düzdür, qapımıza vurulan ilk qolda qaydanı mən pozmuşdum. Amma standart vəziyyət zamanı ötürmənin qarşısını kəsə bilərdik. Bu, başqa mövzudur. Qol vurmağıma gəlincə, bəli, bu, mənim oyunuma xas cəhətdir. Hücumameylli oyunçuyam. Çalışacam ki, daha da artırım və komandama daha çox kömək edim.

