Qara Qarayev: "Çirkin oyunlarda adımızın hallanmasını istəmirik"

23 Oktyabr 2019 13:30 Avropa Liqası 903
Qara Qarayev: "Çirkin oyunlarda adımızın hallanmasını istəmirik"

"Oyuna yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdur. Sabahkı matça tam hazırıq".

Sportinfo.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL-lə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli futbolçu qələbə qazanmaq istədiklərini bildirib:

"Futbolçular üçün əsas olan həm psixoloji, həm də fiziki hazırlıqdır. Məncə, bunu bacara bilmişik, sabaha qədər daha da yaxşılaşdıracağıq. Ev amilindən yararlanaraq yaxşı nəticə qazanmağa çalışacağıq".

Qara doğma meydan və azarkeş amilinin sabahlı matçda həlledici ola biləcəyini düşünür: "APOEL-lə aramızda gizli taktiki gediş qalmayıb. Onlar da bizi yaxşı analiz edib. Hər iki komanda bir-birini yaxşı tanıyır. Bu oyunda xüsusi fərqləndirəcəyimiz amil evdə azarkeşlərimiz qarşısında oynamağımızdır. Bu oyuna daha yaxşı motivasiya olmağımıza kömək olacaq".

Son vaxtlar baş verən erməni təxribatları haqda da danışan yarımmüdafiəçi siyasətlə idmanı bir-birinə qatmaq istəmədiklərini söyləyib: "Belə çirkin oyunlarda adımızın hallanmasını istəmirik. Biz dünya arenalarında uğurlu nəticələrimizlə sözümüzü deməliyik. Məqsədimiz də dünyaya Qarabağın adını tanıtmaqdır. Siyasi məsələlər haqda siz jurnalistlər nəsə fikir bildirə bilərsiz. Qarabağ bizimdir, kiminsə nəsə deməsi məndə qıcıq yaratmaz. Mənim olan məni niyə qıcıqlandırsın ki? Bunu bütün dünya bilir. Qarabağ onların olmadığı üçün buna qıcıq göstərirlər. Heç kimə heç nə isbat edəcək bir şey yoxdur. “Qarabağ”ın qrup oyununda əski parçasını göstərib, nəyisə iddia etmək özü gülüncdür".

Digər Xəbərlər
Xəbər Lenti