"Qarabağ" bu qrupdan mütləq çıxmalıdır" – SORĞU

22 Oktyabr 2019 21:20 Avropa Liqası 995
"Qarabağ" bu qrupdan mütləq çıxmalıdır" – SORĞU

"Qarabağ” 2 gündən sonra Avropa Liqasında vacib oyuna çıxacaq. Sportinfo.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinin 3-cü turunda Bakıda APOEL-i qəbul edəcək. Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Kipr təmsilçisini məğlub edəcəyi təqdirdə, növbəti mərhələyə doğru böyük addım atacaq. Məğlubiyyət isə vəziyyəti qəlizləşdirə bilər.

Qarşılaşmanın önəmini nəzərə alıb, idman jurnalistləri arasında sorğu keçirdik. Əksəriyyət Azərbaycan çempionunun qələbə qazanacağını proqnozlaşdırdı.

Mehman Rəsulov “Real” TV-nin idman şərhçisi: “Fikrimcə APOEL “Qarabağ” üçün keçilməz rəqib deyil. “Sevilya” xaric, digər iki rəqiblə bütün oyunlarda qələbə qazanmaq real görünür. “Qarabağ” bu qrupdan çıxacaq gücdədir. APOEL də Bakıya qələbə üçün gəlir. Düşünürəm ki, “Qarabağ” qələbə qazanaraq həm revanş, həm də 3 xal alacaq”.

İxtiyar Əsgərov (Matc.az saytının baş redaktoru): “Şübhəsiz ki, "Sevilya" qrupun favoritidir. Qrupda yer alan digər 3 klub - APOEL, "Qarabağ" və "Düdelanj" isə gözünü ikinci yerə dikib. Fikrimcə, ikinci yer uğrunda mübarizə Azərbaycan və Kipr təmsilçiləri arasında olacaq. İlk turda APOEL üzərində qazandığı qələbəyə baxmayaraq, "Düdelanj"ı bu mübarizədə görmürəm. Hamı kimi, mən də Ağdam təmsilçisinin "yaza çıxmasını" arzulayıram. Amma fikrimcə, bütün suallara APOEL-lə qarşıdakı 2 oyundan sonra aydınlıq gələcək. "Qarabağ" həmin qarşılaşmalardan 4 xalla ayrıla bilsə, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll etmiş olacaq”.

Rəşad Ergün (“Komanda.az” saytının baş redaktoru): "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı bütün keçən illər ərzində bu cür rahat qrupa düşməmişdi. "Sevilya"nın qrupdan çıxacağı, demək olar ki, dəqiqdir. "Qarabağ" səfərdə "Dudelanj"ı darmadağın etməklə bu komandadan səviyyəcə üstün olduğunu göstərdi. Qalır APOEL. "Köhlən atlar" əvvəlki oyunlarında kiprlilərdən də zəif olmadığını göstərmişdi. Bakıda bu komandanı mütləq məğlub etmək lazımdır. Bu oyunun nəticəsi "Qarabağ", yoxsa APOEL qrupdan çıxmağa layiqdir" sualının cavabı olacaq. "Qarabağ" bu qrupdan mütləq çıxmalıdır. Belə fürsət həmişə ələ düşmür”.

Sənan Şəfizadə (ATV telekanalının idman aparıcısı): “Qrupdan çıxmaq üçün APOEL-i doğma meydanda mütləq məğlub etməliyik. Bu klubla keçiriləcək iki oyundan 4 xal götürməliyik. Öncədən proqnozlaşdırmaq istəməzdim. Münasib qrupdur, ona görə pley-off-a çıxmaq uğrunda mübarizə aparmaq lazımdır. Bəlkə də gələcəkdə heç vaxt belə qrup qismət olmayacaq. Yeni tarix yazmaq üçün əla fürsətdir. Fikrimcə, hər tur növbəti oyun barədə düşünməliyik. İndiki məqamda APOEL-i məğlub etmək vacibdir. Növbəti iki turdan 4 xal götürməklə 1\16 finala doğru böyük addım atacağıq”.

Elçin Cəlilov (“Futbolpress.az” saytının baş redaktoru): "Qarabağ"ın bu il əvvəlkilərə nisbətən daha keyfiyyətli oynadığı hələ təsnifat mərhələsindən hiss edilirdi. Yəni, bu komanda indi daha ağıllı, sistematik və özgüvənlidir. Oyuna hakim olmağı bacaran, taktiki strategiyasına güvənən oyun tərzi dominantlıq etməyə başlayıb. Həm də 6 illik Avropa təcrübəsi - bu, zarafat deyil. Builki qrup mərhələsi çox gözəl başladı. "Düdelanj"ı onun meydanında məğlub etmək çox şeydən xəbər verir. Zədələrdən və yan səbəblərdən uzaq olsa, komandamızın bu il qrup mərhələsini aşa biləcəyini düşünürəm. Bu, həm də kapitan Rəşad Sadıqovun son mövsümünə gözəl hədiyyə olardı. Ümumiyyətlə, "Qarabağ" artıq həm klub, həm də komanda kimi buna tam hazırdır”.

Rüstəm Əfsərli ("CBC Sport"un şərhçilər qrupunun rəhbəri): “Məncə, məsələ tək evdə qələbə qazanmaq deyil, həm də səfərdə məğlub olmamaqdır. Fİkrimcə, “Qarabağ” bu iki oyunda azı 4 xal toplayıb qrupdan çıxacaq”.

Sənan Abdullayev ("Xəzər" TV-nin idman xəbərlərinin redaktoru): "Qarabağ" üçün bu, bir şansdır. Azərbaycan futbolunun təmsilçisinə, hətta bu, hazırkı "Qarabağ" olsa belə, “qrupdan çıxmalısan” deyə bilmərəm. Bunu sadəcə, böyük şans kimi qiymətləndirirəm. "Qarabağ" futbolçuları Kipr, Lüksemburq kimi ölkələrdə oynayanlardan geri qalmadıqlarını göstərsələr, məncə, qrupdan çıxacaqlar. APOEL-i udmaq lazımdır. Qələbə ilə yanaşı, həm də Çempionlar Liqasındakı ev məğlubiyyətinin təsadüf olduğunu göstərmək üçün buna ehtiyac var. Həm də mənə görə bu qrup mərhələsi Ağdam təmsilçisinin əksər futbolçuları üçün böyük uğur baxımından son şans olacaq. Məsələn, Almeyda, Miçel, Rəşad Sadıqov, elə Kintana üçün də. Odur ki, uda bilərik və məncə, udacağıq da”.

Nəzri ƏLİSOY

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!