"Mən bu hərəkəti təkcə bir komandaya qarşı deyil, həm də bütün millətə edilən çirkin təxribat olaraq görürəm və qınayıram. Bunu törədən şəxs bizim konsentrasiyamızı pozmaq, hər şeydən öncə isə Azərbaycanın adına xələl gətirmək istəyirdi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Düdelanj"la səfər oyununda ermənilər tərəfindən törədilən təxribata münasibət bildirən futbolçu hadisə haqda danışıb:
"Dron aşağı enib, yuxarı qalxırdı. Bunu edən şəxsin məqsədi futbolçuları, xüsusilə də azərbaycanlı oyunçuları gülməli vəziyyətə salmaq idi. Onlar bayrağı tutmaq üçün balaca uşaqlar kimi havaya hoppanırdılar. Yaxşı ki, sonradan emosiyalarımızı cilovlaya bildik".
Slavçev azərbaycanlı futbolçuların hadisəyə görə olduqca əsəbi olduqlarını, ancaq komandanın baş məşqçisi Qurban Qurbanovun sözlərindən sonra nisbətən sakitləşdiklərini söyləyib: "Azarkeşlərin meydana daxil olmasını və komanda yoldaşlarımın topla dronu vurmaq cəhdlərini haqlı sayıram. Çünki həqiqətən çirkin təxribat idi. Fasilədə paltardəyişmə otağında azərbaycanlı futbolçuların necə emosional olduqlarını, ölkələri üçün necə can yandırdıqlarını gördüm. Təxribatı törətməkdə məqsəd bizi özümüzdən çıxarmaq idi. Amma psixoloji baxımdan hər şeyə hazır olduğumuzdan istəkləri baş tutmadı. Baş məşqçi dedi ki, biz peşəkarıq və öz öhdəliklərimizi yerinə yetirməliyik. Daha sonra bu hadisənin bizə mənfi təsir etməməli olduğunu bildirdi. Düşünürəm ki, bu amil bizə uğur qazandırdı".
Yarımmüdafiəçi sonda meydan sahiblərinin bu məsələdə günahsız olduqlarını bildirib: "Düdelanj"ın insidentlə heç bir əlaqəsi yoxdur. Təxribatı törədən şəxs dronu stadiondan kənarda, bir evin damından pult vasitəsilə idarə edirdi".
Qeyd edək ki, "Düdelanj"la matçın ilk hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bu isə “Qarabağ”ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. Komandalar paltardəyişmə otağına yollanıb. Bunun ardınca Lüksemburqun İdman naziri Dan Kerş “Qarabağ”ın soyunub-geyinmə otağına gedərək, futbolçulardan üzr istəyib.
Elnur SALAHOV

