"Əvvəlki kimi böyük gözləntimiz yoxdur. Gəlin, realist olaq: biz "Qarabağ"a problem yaratmağa çalışacaq kiçik komandayıq. Nikosiyadakı uğuru təkrarlaya bilərikmi? Baxarıq. Amma bu təcrübəni yenidən yaşamaq, azarkeşlərimizə sevinc və xoşbəxtlik gətirmək istəyirik. Burada olduğumuz üçün şadıq".
Sportinfo.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Düdelanj"ın baş məşqçi əvəzi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ"la oyunu ərəfəsində keçirilən mətbuat konfransında deyib. Bugünki qarşılaşma haqda fikirlərini bölüşən belçikalı mütəxəssis yerli jurnalistlərə söz atıb:
"Hər şey olduqca sadədir. Çempionlar Liqasının finalçısı "Tottenhem" evdə "Bavariya"dan 7 top buraxır. "Brügge" səfərdə "Real"la heç-heçə edir. Bizdə is öz komandamıza inanmırlar. Baxın, Nikosiyada "Ayaks"ın edə bilmədiyini etdik, "Qarabağ"ı ÇL-də mübarizədən kənarlaşdıran komandanı udduq. Amma bilirəm, bu gün uduzsaq, yazacaqsız ki, "Düdelanj" reallığa qayıdır".

